Azərbaycan Yazıçılar Birliyinə (AYB) bir neçə il üzvlük haqqını ödəməyənlər təşkilatdan xaric ediləcək. Bu barədə məsələ yanvarın 6-da AYB Katibliyinin iclasında müzakirə edilib.

AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza mediaya açıqlamasında bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: "Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən AYB-dən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib".

Xəyal Rzanın sözlərinə görə, iclasda qərara alınıb ki, bununla bağlı “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq dərc edilsin: "Fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər".

Qeyd edək ki, mediada yer alan 2025-ci il üzrə məlumata görə, AYB-nin 2500-dən çox üzvü var. Təkcə keçən il təşkilata üzvlük üçün 300-dək müraciət olub.