Tarixdəki olaylar

 

8 yanvar 1992 – Erməni təxribatçı dəstəsi Azərbaycana qarşı daha bir terror əməli həyata keçirib. Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) – Bakı marşrutu ilə hərəkət edən bərədə törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

8 yanvar 1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903–1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Milli Dram Teatrında fəaliyyət göstərib. Repressiya qurbanıdır.

 

8 yanvar 1910 – Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 – 21.3.1998) anadan olub.

 

8 yanvar 1920 – Xalq artisti, görkəmli aktrisa Leyla Ağalar qızı Bədirbəyli (1920 – 23.11.1999) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi”, “Arşın mal alan” (1945), “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb.

 

8 yanvar 1935 – Dünya şöhrətli Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 – 16.8.1977) anadan olub. “Rok-n-rollun kralı” kimi dünya musiqisi tarixinə düşüb. Ümumi tirajı 1 milyard nüsxə olan 150-dən çox albomu işıq üzü görüb.

 

8 yanvar 2022 – Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal; 1.3.1947 – 2022) vəfat edib. Akademik Musiqili Teatrın aktyoru olub.

 

Hazırladı: Vüqar Orxan