Xəbər verildiyi kimi, Prezident İlham Əliyev yanvarın 7-də Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Müxtəlif ölkələrdə yaşayan və çalışdıqları sahələrdə qazandıqları nailiyyətlərlə azərbaycanlı adını ucaldan soydaşlarımız “xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə” təltif ediliblər.

Onların arasında mədəniyyət xadimləri də var.

Türkiyədə yaşayan tanınmış rejissor, aktyor, Azərbaycanın Xalq artisti, Adana Çukurova Universitetinin professoru Novruzov Cahangir Mütəllib oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Almaniyada yaşayan bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Bridge of Sound" orkestrinin bədii rəhbəri və eyniadlı cəmiyyətin sədri, "Harmony of sound" beynəlxalq festivalının yaradıcısı Zeynalova Xədicə Əbdülrəhim qızı “Tərəqqi” medalına layiq görülüb.

Uzun illər ABŞ-də yaşamış prodüser, Azərbaycanın ilk qadın klip rejissoru kimi tanınan, əfsanəvi “Karvan” qrupunun, “Bakı payızı” estrada ifaçıları müsabiqəsinin yaradıcılarından olan Kərimova Sevinc Kərim qızının da adı “Tərəqqi” medalı ilə təltif edilənlər arasındadır. Təəssüf ki, bu yaxınlarda Bakıya qayıdan sənətçi 2025-ci il yanvarın 7-də, təltif sərəncamı imzalanan gün 70 yaşında dünyasını dəyişib.

Bundan əlavə, nevrologiya üzrə dünyada tanınan mütəxəssis, Kopenhagen Universitetinin (Danimarka) professoru Aşina Məsud Rüstəm oğlu “Şöhrət” ordeni ilə; İğdır-Azərbaycan Evinin (Türkiyə) sədri, tədqiqatçı-yazıçı Acar Ziya Zakir Musa oğlu “Dostluq” ordeni ilə; “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimi Alaferdov Akif Qədir oğlu, Yaponiyada yaşayan soydaşımız, elektronika mühəndisi, fizika elmləri doktoru, “Global Optical Solutions” şirkətinin baş tədqiqatçısı, LCD monitorun yaradıcılarından olan Kələntər Xəlil Əliməmməd oğlu, Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Pənahova Fəridə Fərhad qızı və  Avstriyada yaşayan alim, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) çalışmış Siracov Bəxtiyar Tahir oğlu “Tərəqqi” medalı ilə təltif olunublar.