Türk xalqlarının yaşadıqları coğrafiyadan dünyaya açılan pəncərə olan “TRT Avaz”ın efirində keçən ilin oktyabrından “Diplomatiya masası” (“Diplomasi masası”) adlı proqram yayımlanır.
Qısa zamanda telekanalın ən populyar proqramlarından birinə çevrilən “Diplomatiya masası”nın müəllifi və aparıcısı, Ankaradakı Hacı Bayram Vəli Universitetinin dekanı, “Bilig” Türk dünyası sosial elmlər jurnalının redaktoru, professor Fırat Purtaş ilə həmsöhbət olduq. O, türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığı, Türk dünyasının regional, qlobal inkişafda artan təsirini, o cümlədən diplomatiya sahəsindəki uğurlarını araşdıran proqramın məqsəd və məramından bəhs etdi.
– Fırat bəy, “Diplomatya masası ”layihəsi necə yarandı?
– Öncəliklə Türk dünyasına xidmət məqsədi daşıyan “Diplomatiya masası” proqramına göstərdiyiniz diqqətə görə sizə təşəkkürümü bildirirəm.
Avrasiya Yazarlar Birliyinin başqanı mərhum Yakup Ömeroğlunun aparıcılığı ilə “TRT Avaz”da "Mədəniyyət, incəsənət, avaz" (“Kültür, sanat, avaz”) adlı bir veriliş vardı. Yakup Ömeroğlunun vəfatından sonra mənə verilişi davam etdirmək təklif olundu. Yakup bəylə uzun müddət dostluq münasibətlərim vardı, TÜRKSOY baş katibinin müavini olduğum dönəmlərdə bir neçə dəfə bu verilişdə özüm də qonaq kimi iştirak etmişdim. Hər nə qədər ağır bir itki olsa da, verilişi davam etdirmək və onun xatirəsini yaşatmaq məqsədilə təklifi qəbul etdim. Verilişə başladıq. Hazırda proqram “Köklər və incəsənət” (“Kökler, sanat ”) adı ilə yayımlanır.
Biz həmin proqrama Türkiyənin “yumşaq güc”ünün xaricdə, xüsusən də mədəniyyət, tarix və ədəbiyyat sahələrində hiss etdirilməsi üçün çalışan qurumların rəhbərlərini, məsələn, TİKA, YTB və Türk Tarix Cəmiyyətinin başqanlarını, UNESCO Milli Komissiyasının rəhbərini, başqa elm, mədəniyyət xadimlərini dəvət etdik.
Sonra “TRT Avaz”ın baş koordinatoru Yücel Kılıçkaya mənə dedi ki, bu verilişlər uğurlu alınır, amma Türk dünyasına başqa nə töhfə vermək mümkün olar? Yücel bəy gənc və çox dinamik insandır, öz ideyaları çərçivəsində kanalı canlandırmağa çalışır. Mənim də sahəm beynəlxalq münasibətlərdir, tədqiqatlarım Türk dünyası ilə bağlıdır, türk dövlətlərinin inteqrasiyasını izləyirəm və bu mövzuda məqalələr yazıram. O zaman ağlıma bir fikir gəldi.
İndi Avropa Birliyinin ortaq xarici siyasəti, ortaq təhlükəsizlik siyasəti var və bu, bir gecədə ərsəyə gəlməyib. Onlar hələ də ortaq təhlükəsizlik siyasətinə tam nail ola bilməsələr də, bu sahədə illərin xidməti var.
Türk dövlətlərimizə baxdıqda, xüsusən də Türk Dövlətləri Təşkilatı (TDT) institutlaşmağa başladıqdan sonra ortaq xarici siyasətdə çox əhəmiyyətli irəliləyişlər olub. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Zəfəri, xüsusilə Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin (2021 – red.) imzalanmasından sonra müdafiə məsələsindəki tərəfdaşlıq da güclənməyə başlandı. Hazırda bütün türk dövlətləri öz aralarında dostluq və qardaşlıq müqavilələri imzalayırlar. Ona görə də mənim yanaşmam belə idi: Türk dünyasının xarici siyasətdəki tərəfdaşlığını nümayiş etdirən bir proqram reallaşdırmalıyıq. Bu proqram vasitəsilə həm ikitərəfli əməkdaşlığı, Türk dünyasının inteqrasiyasını izah etməliyik, həm də qlobal və regional məsələlərə necə yanaşılmanı göstərməliyik.
Müzakirələrdən sonra təklifim təqdirlə qəbul edildi.
– Verilişlərinizdə sanki yalnız mükəmməl tərəfləri göstərirsiniz...
– Bardağın boş tərəfi də, şübhəsiz ki, var, amma dolu tərəfi daha çoxdur. Biz uğurları göstərməklə müsbət örnəkləri çoxaltmağın tərəfindəyik. Odur ki, ortaq tarix və mədəniyyətlərimizin diplomatik səhnədə əks olunması qonaqlarımızla ətraflı müzakirə edilir. TDT-yə üzv dövlətlər həmişə səmərəli bir böyümə trayektoriyası izləyib. Məsələn, Macarıstan bu təşkilatda müşahidəçi olmasına rəğmən ticarətini inkişaf etdirib. Mərkəzi Avropada yerləşən ölkə Türk dünyası ilə əlaqələri sayəsində strateji dəyər qazanıb. Misal üçün, Daşkənddəki Macarıstan səfirliyi, həm də NATO ofisi kimi fəaliyyət göstərir. Bu çərçivədə, müsbət formatda Macarıstanın Rusiya, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı bütün tərəflər üçün qarşılıqlı şəkildə faydalıdır.
– Qonaqlarınız kimlər olur, Türk dünyasından mütəxəssisləri də dəvət etmək niyyətiniz varmı?
– Qonaqlarımız Türk dünyasının ekspertləri, professorları, mütəxəssisləridir. Bu yaxınlarda Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyevi qonaq etdik. Qazaxıstan əsilli, amma hazırda Türkiyə vətəndaşı olan, Ərzincan Universitetinin müəllimi Aynur Noqayeva qonağımız olub. Əlbəttə ki, dünyanın hər yerindən mütəxəssisləri cəlb etmək istəyirik, amma əvvəlki bölümlərdə Türkiyə mütəxəssisləri yer alırdı. İndi bu çevrəni genişləndirmək istəyirik. Bu proqram, Ankarada olduğu kimi Bakı, Astana, Aşqabad və digər türk paytaxtlarında da reallaşmalıdır. Düşünürəm ki, xüsusən də xarici siyasət və beynəlxalq münasibətlər sahəsində alimlərlə və “beyin mərkəzləri”ndən olan mütəxəssislərlə verilişi davam etdirmək faydalı olardı.
– Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənd zirvəsindəki çıxışında demişdi ki, yalnız bu təşkilatı əhatə edən deyil, bütün Türk dünyasının problemlərini həll edəcək fəaliyyətlər həyata keçirmək lazımdır. “Diplomasi masası” necə, bütün Türk dünyasını əhatə edə bilir?
– Bəli, 2022-ci ildə İlham Əliyev bu məsələyə toxunmuşdu. "Biz sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın və vətəndaşlarımızın öz dillərində danışmasını və mədəniyyətlərini inkişaf etdirməsini vacib hesab edirik, onların hüquqlarını, azadlıqlarını təmin etmək üçün çalışacağıq”, – demişdi. Bu, çox tarixi bir çıxış idi.
Bizim də hədəfimiz bütün dünya türkləridir. Təkcə TDT ölkələri, qonşu İranda, İraqda deyil, Avropada – Bolqarıstanda, Yunanıstanda, Makedoniyada, Kosovoda, Rusiyada və sair coğrafiyalarda yaşayan türklər var.
Ona görə də Türk Dövlətləri Təşkilatı + adlı bir format da hazırlanıb. Bu format, məsələn, Balkan dövlətlərini də əhatə etməklə genişləndirilə bilər. Türk Dövlətləri Təşkilatı bütün istiqamətlərdə – şimalda, cənub-şərqdə, qərbdə – hər yerdə əməkdaşlıq üçün açıq bir strukturdur. Əhəmiyyətli olan bu əməkdaşlıqdan tərəflərin faydalanmasıdır. Biz də proqramımızda həmçinin Balkanları müəyyən dərəcədə müzakirə edirik, onların tarixinə, tərəfdaşlıqlarına və mədəni irsinə diqqət yetiririk.
– Proqramın növbəti buraxılışları türk diplomatlarla davam edəcək?
– Əsas məqsədimiz türk dövlətlərinin diplomatiya sahəsindəki uğurlarını auditoriyaya çatdırmaqdır. Düşündük ki, bunu ən yaxşı türk səfirlər izah edə bilər, ona görə də növbəti mərhələdə türk dövlətlərinin səfirlərini qonaq etdik. Səfirlərlə söhbət bu aydan etibarən yayımlanmağa başlayacaq. Bu söhbətlərin maraqla qarşılanacağını düşünürəm. Amma, təbii ki, türk diplomatiyası sahəsindəki elm adamları ilə də söhbətlərimiz olacaq.
Mehparə Sultanova
Ankara






















