Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 1908–1938) xatirəsi anılıb.
Nakam şairin ölümünün 88-ci ildönümündə Xızı rayonunun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyi qarşısındakı abidəsi ziyarət edilib.
Sonra muzeydə anım mərasimi keçirilib. Tədbirdə ədəbiyyat, elm, incəsənət xadimləri, mədəniyyət işçiləri iştirak ediblər.
Əməkdar müəllim, şairə Ofeliya Babayeva, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə baş məsləhətçisi Mövsüm Bağırov və digər çıxış edənlər Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, şairin milli ədəbiyyatımızdakı yerindən, poeziyasının səciyyəvi cəhətlərindən bəhs ediblər.
Bildirilib ki, Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi kimi xalqın yaddaşında yaşamaqdadır. Onun dillər əzbəri olan “Yenə o bağ olaydı”, “Oxu, tar” və başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib.






















