Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbir öncəsi foyedə universitet əməkdaşlarının fəaliyyətini əks etdirən, süni intellekt texnologiyaları əsasında hazırlanmış dostluq şarjları sərgisinə baxış keçirilib.
Bayram tədbiri Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himni səsləndirilib.
Universitetin rektoru Elbrus İsayev kollektivi təbrik edib, milli birlik və həmrəyliyin Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olduğunu vurğulayıb. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsində ali təhsil müəssisələrinin mühüm rol oynadığını qeyd edib. Elbrus İsayev bildirib ki, 2025-ci il Naxçıvan Dövlət Universiteti üçün mühüm nailiyyətlərlə yadda qalıb. Universitet il ərzində elm, təhsil və mədəniyyət sahələrində əldə etdiyi uğurlarla həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib. Rektor bu uğurların müəllim və tələbə kollektivinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu vurğulayaraq hər kəsə təşəkkür edib və yeni ildə universitet kollektivinə uğurlar arzulayıb.
Sonra NDU-nun 2025-ci ildəki uğurlarını və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Türk dünyasında Yeni ilin simvolu sayılan Ayaz Ata və Qarlı qızın proqramda iştirakı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
NDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov kollektivə bayram təbriklərini çatdırıb, universitetdə sağlam iş mühitinin yaradılması və əməkdaşların sosial rifahının daim diqqətdə saxlanıldığını qeyd edib.
Proqram NDU-nun Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin təqdim etdiyi Yeni il fləş-mobu ilə davam edib.
Sonra NDU-nun nəzdində Beynəlxalq Kembric məktəbinin I və II sinif şagirdlərindən ibarət yeni yaradılmış “Singing Stars” xor kollektivi çıxış edib.
Universitetin professor-müəllim heyətindən də təbrik çıxışları olub, onlar əldə edilən uğurlardan danışıblar.
Tədbirin bədii hissəsi universitetin “Gənclik” instrumental ansamblının ifaları, tələbə-teatr studiyasının pantomim tamaşası, fakültə dekanlarının qarşılıqlı təbrikləri və Yeni il hədiyyələrinin təqdimatı ilə davam edib. “NDU KVN” komandasının çıxışı, İncəsənət fakültəsinin tələbələrindən ibarət “Band” qrupunun “Yeni il” mahnısı tədbirə xüsusi rəng qatıb. “Zamana səyahət” adlı bədii hissə, NDU-nun nəzdində Naxçıvan Tibb Kollecinin tələbələrinin təqdimatında xoreoqrafik kompozisiya nümayiş olunub.
Bayram tədbiri NDU-nun nəzdində Naxçıvan Dövlət Texniki Kollecin təqdimatında milli dəyərlərimizi yaşadan “Yallı” rəqsi ilə yekunlaşıb.























