Dekabrın 26-da AMEA-nın Rəyasət Heyətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin (1875–1920) 150 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözündə konfransın Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı təsdiqlənib və elmi müəssisə və təşkilatlarda, regional elmi bölmə və mərkəzlərində tədbirlər keçirilir.
Akademik İsa Həbibbəyli bildirib ki, Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının Sərəncamı həm görkəmli şəxsiyyətə, həm də Azərbaycan Xalq Cümhuriyyətinə verilən yüksək dəyərin əməli ifadəsidir. Son dövrlərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin qeyd olunması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamlarda Milli Elmlər Akademiyasının üzərinə də vəzifələr qoyulduğunu deyən AMEA rəhbəri akademik Yusif Məmmədəliyevin 120, akademik Mustafa Topçubaşovun 130, Üzeyir Hacıbəylinin 140, Seyid Əzim Şirvaninin 190 illiyi və digər dövlət sənədlərinin bu qəbildən olduğunu vurğulayıb, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinə, elmimizə, ziyalılarımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aygün Əzimovanın “Fətəli xan Xoyskinin həyatı və fəaliyyəti (yeni arxiv sənədləri və materiallar əsasında)”, həmin şöbənin müdiri tarix elmləri doktoru, dosent Kamran İsmayılovun “Fətəli xan Xoyskinin milli dövlət quruculuğu və siyasi-hüquqi islahatlar kursu”, şöbənin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun “Fətəli xan Xoyskinin siyasi-ideoloji baxışları və dövlətçilik fəlsəfəsi” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “Azərbaycan ədəbiyyatında Fətəli xan Xoyskinin bədii obrazı” mövzularında məruzələri dinlənilib.






















