Sona çatmaqda olan 2025-ci ilin Azərbaycanın tarixinə “Konstitusiya və Suverenlik İli” kimi yazılması gənc nəslin dövlətçilik düşüncəsinin formalaşdırılması, hüquqi şüurun yüksəldilməsi və vətəndaş məsuliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən silsilə tədbirlər, o cümlədən mədəniyyət müəssisələrinin iştirakı ilə reallaşan aksiya və layihələr də bunun təsdiqidir.
Dekabrın 21-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə rayon məktəblilərinin dünya əhəmiyyətli abidə olan Damcılı mağara düşərgəsinə veloyürüşü keçirilib.
“Avey” qoruğundan verilən məlumata görə, yürüş gənclər arasında dövlətçilik və milli birlik ideyasının təbliği, sağlam həyat tərzinin təşviqi, eyni zamanda Damcılı mağara düşərgəsinin dünya əhəmiyyətli abidə və tarixi-mədəni irs nümunəsi kimi tanıdılması məqsədilə təşkil edilib.
“Biz birlikdə güclüyük” şüarı altında realasan aksiyanın 70-ə yaxın iştirakçısı olub.
Öncə Qazax rayonunun Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb və buradan yürüşə start verilib.
5 km-lik veloyürüşün sonunda iştirakçılara qoruğun “Damcılı” filialında slaydlar vasitəsilə ətraflı məlumat təqdim olunub, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri nümayiş etdirilib.
İştirakçılara sertifikatlar təqdim edilib və aksiya çay süfrəsi ətrafında səmimi ünsiyyət şəraitində başa çatıb.





















