Tarixdəki olaylar

 

21 dekabr 1963 – Kiprdə yunan silahlı dəstələrinin türk əhalisinə qarşı basqınları başlanıb. Rəsmi Afinanın dəstək verdiyi EOKA təşkilatının silahlıları bir neçə gün ərzində yüzlərlə türkü qətlə yetiriblər. Bu qırğınlar tarixə “Qanlı Milad” adı ilə düşüb. Yunan və türk icmalarının təmsilçiliyi ilə qurulan (1960) konfederativ dövlət süqut edib.

 

21 dekabr 1991 – Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Bəyannamə imzalanıb. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Azərbaycan, Ermənistan və Moldova 8 dekabrda (1991) Rusiya-Ukrayna-Belarus üçlüyünün imzaladığı “Belovejsk sazişi”nə (SSRİ-yə xitam verilməsi) qoşulub. Azərbaycan parlamenti Almatı Bəyannaməsini ratifikasiya etmədi və ölkəmiz iki il sonra, 1993-cü ilin 24 sentyabrında MDB-yə rəsmən üzv oldu. Həmin ilin dekabrında Gürcüstan da MDB-yə qoşuldu.

 

21 dekabr 1999 – Yeni Azərbaycan Partiyasının I qurultayında millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti İlham Əliyev YAP sədrinin müavini seçilib. İki il sonra, 2001-ci ilin noyabrında partiyanın növbəti qurultayında İlham Əliyev YAP sədrinin 1-ci müavini seçildi. 2005-ci ildən partiyanın sədridir.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

21 dekabr 1639 – Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 – 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.

 

21 dekabr 1840 – Türk şairi və yazıçısı, teatr xadimi Namiq Kamal (1840 – 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Şah”, “Vətən, yaxud Silistre” və s.

 

21 dekabr 1913 – Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov; 1913 – 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.

 

21 dekabr 1916 – Yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəli oğlu Vəliyev (1916 – 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Şor cüllütü” povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.

 

21 dekabr 1917 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 – 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Mələk susurdu”, “Əsgər mirası”.

 

21 dekabr 1922 – Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 – 6.4.1989) anadan olub.

 

21 dekabr 1923 – Xalq artisti, müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 – 24.3.2008) anadan olub.

 

21 dekabr 1923 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 – 21.2.1997) Astarada anadan olub.

 

21 dekabr 1929 – Mədəniyyət və elm xadimi, fəlsəfə elmləri namizədi Zakir Nəriman oğlu Bağırov (1929 – 31.3.1989) Şuşada anadan olub. 1971-1988-ci illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.

 

21 dekabr 2020 – Xalq artisti Safurə Ağabala qızı İbrahimova (27.12.1938 – 2020) vəfat edib. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Qatır Məmməd”, “Alma almaya bənzər” və s. filmlərdə çəkilib.

 

21 dekabr 2022 – Xalq artisti, tarzən Fikrət Süleyman oğlu Verdiyev (2.9.1947 – 2022) vəfat edib. “Göygöl” xalq çalğı alətləri ansamblının yaradıcısı, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri olub.  

 

21 dekabr 2024 – Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Üzeyir oğlu Səlimov (1.7.1973 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan