Dekabrın 20-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Şarl Perronun "Küllücə" nağılı əsasında hazırlanan "Büllur başmaq" tamaşasının premyerası olub.
Teatrdan verilən məlumata görə, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Ağasəlim Feyzullayev, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Tamaşada Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Asya Atakişiyeva, Xalidə Əlməmmədova, Rəşad Səfərov, Hökümə Rəhimzadə, Xəyalə Qasımova, Ümman Budaqov, Ədalət Əbdülsəməd, Ramiq Nəsirov, Yusif Dadaşov, Natiq Fərzəliyev iştirak edirlər.
Məşhur nağıl ögey ana və bacılarının verdikləri əziyyətə qatlanan Küllücənin xoşbəxt sonluqlu həyatından bəhs edir. Küllücə kralın oğlu tərəfindən təşkil olunan ziyafət gecəsinə qatılmaq istəsə də, ögey ana və bacıları icazə vermirlər. Lakin sehrbaz qadının köməkliyi ilə o, ziyafətə gedir, orada kralın yaraşıqlı oğlu ilə rastlaşır. Ziyafətdə şahzadə Küllücəyə aşıq olur və itmiş başmağının tayını axtarmaqda ona kömək edir.
Qeyd edək ki, uşaqların sevimli nağılının Milli Gənc Tamaşaçılar Teatrında nümayişləri Yeni il bayramı ərəfəsində də davam edəcək.
"Büllur başmaq" tamaşası dekabrın 27-də (saat 12:00), 28-də (16:00, 18:00), 29-da (14:00) və 30-da (14:00) göstəriləcək.
























