Tarixdəki olaylar

 

19 dekabr 1954 – Parisdə Avropa Şurası ölkələrinin hökumət başçıları tərəfindən “Avropa mədəniyyət Konvensiyası” imzalanıb. Konvensiya 5 may 1955-ci ildə qüvvəyə minib.

 

19 dekabr 1991 – Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə dayandırılıb. Azərbaycan bu məcburi addımı erməni tərəfin Mehri rayonu ərazisində qatarlara mütəmadi hücumlarına cavab olaraq atmışdı. Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən qatarlara basqınlar hələ 1989-cu ildə başlamış və o vaxtdan hərəkət dəfələrlə kəsilmişdi. Əslində, ermənilər bunda maraqlı idilər, çünki nəticədə Naxçıvan iqtisadi blokadaya salındı. Üstəlik, erməni lobbisi dəmir yolu nəqliyyatının kəsilməsi faktından sui-istifadə edərək 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı 907 saylı qadağanın qəbuluna nail oldu. 

 

19 dekabr 1993 – Heydər Əliyev Azərbaycan Prezidenti postunda ilk rəsmi səfərini Fransaya edib. Səfər AXC iqtidarı dövründə soyuqlaşmış Azərbaycan-Fransa münasibətlərinin sahmanlanması üçün önəm kəsb edirdi. Heydər Əliyev Fransada yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə də görüşmüş, Parisdə Azərbaycan xalqının görkəmli oğulları – Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət etmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

19 dekabr 1864 – Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger; 1864–1943) anadan olub.

 

19 dekabr 1915 – Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf – Edith Giovanna Gassion; 1915 – 10.10.1963) anadan olub.

 

19 dekabr 1921 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 – 21.8.2002) Bakıda anadan olub. “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s. məşhur əsərlərin, “Nizami” metro stansiyasının bədii tərtibatının müəllifidir. “Hindistan” silsiləsinə görə Cəvahirləl Nehru mükafatına layiq görülüb.

 

19 dekabr 1947 – Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 – 16.3.2013) Bakıda doğulub.

 

19 dekabr 1950 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 – 17.11.2006) anadan olub.

 

19 dekabr 2022 – Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov (27.11.1934 – 2022) vəfat edib.

Hazırladı: Vüqar Orxan