Xəbər verdiyimiz kimi, bu il Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalında (UİF) Şəki-Zaqatala regionu üzrə məktəblərin şagirdləri də uğurla iştirak ediblər.
Dekabrın 17-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalı qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Konsertin əvvəlində diqqətə çatdırılıb ki, Uşaq İncəsənət Festivalı üç yaş qrupu (6–9, 10–13 və 14–17 yaş) üzrə keçirilib və 24 nominasiyanı əhatə edib. Birinci mərhələdə Şəki-Zaqatala regionu üzrə 642 şagird və 19 kollektiv iştirak edib. İştirakçılardan 126 nəfəri fərdi şəkildə və 5 kollektiv final mərhələsində iştirak etmək hüququ qazanıb.
Festivalın final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala regionu üzrə Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdi İlham Rəcəbov 6-9 yaş qrupunda Azərbaycan xalq çalğı zərb alətləri nominasiyası üzrə peşəkar kateqoriyada birinci yerə, Hüsniyyə Hacıyeva 14-17 yaş qrupunda estrada oxuma nominasiyası üzrə həvəskar kateqoriyada ikinci yerə, həmin məktəbin “Buta” xor kollektivi isə 6–9 yaş qrupunda xor nominasiyası üzrə birinci yerə layiq görülüb.
Festivalın final mərhələsində həmçinin Balakən, Zaqatala, Qax və Qəbələ rayonlarının uşaq incəsənət məktəblərinin, Şəki şəhər 3, 4 nömrəli və Turan qəsəbə uşaq musiqi məktəblərinin şagirdləri, həmçinin “Qaranquşlar” və “Sülh göyərçinləri” xor, “Liquid” rəqs kollektivləri, “Gənc cazmenlər” qrupu müxtəlif nominasiyalar üzrə qalib gəliblər.
Konsert çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən qalib şagirdlərin müəllimləri və konsertmeysterlərinə təşəkkürnamələr təqdim olunub.
























