Kino cəmiyyətin güzgüsü olmaqla yanaşı, gələcəyin formalaşmasına təsir edən yaradıcı bir sahədir. O, həm yaddaşdır, həm də xəyaldır: keçmişi qoruyur, gələcəyi isə təsəvvürə gətirir. Hər çəkilən film təkcə bu günü əks etdirmir, həm də sabaha səsləyir.

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) bu sahənin inkişafı, yaradıcı mühitin gücləndirilməsi və istehsal proseslərinin təkmilləşdirilməsi istiqamətində layihələr həyata keçirir, film istehsalçılarına maliyyə və təşkilati dəstək göstərir, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.

Bu sahədə son illlər hansı işlər görülüb və 2025-ci il nə ilə yadda qalacaq? ARKA-nın Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri Turan Məmmədli bu barədə AZƏRTAC-a danışıb.

– Son üç ildə ARKA tərəfindən dövlət sifarişi ilə 70-dən çox layihənin istehsalına başlanılıb. Bu filmlərdən hansı beynəlxalq festivallarda daha çox uğur qazanıb? Ümumiyyətlə, bu filmlər istehsalçı şirkətlərə əlavə gəlir qazandıra bilibmi?

– Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən istehsalı dəstəklənən və artıq tamamlanan filmlərin sayı 50-dən çoxdur. Bu filmlər dünyanın müxtəlif nüfuzlu festivallarında nümayiş olunur və ölkəmizi layiqincə təmsil edir.

Rejissor Hilal Baydarovun “Boşluğa xütbə” tammetrajlı bədii filmi bu il Venesiya Film Festivalının “Müsabiqədənkənar” proqramında dünya premyerasını edib. Film, həmçinin Tokio Beynəlxalq Film Festivalında və Qahirə Film Festivalında nümayiş olunub. Nurlan Həsənlinin “Erkən hisslər” qısametrajlı bədii filmi Polşanın Krakov Film Festivalının proqramına seçilib. Seyran Bədəlovun “Kür - çaylar anası” sənədli filmi Türkiyədə keçirilən Türk Dünyası Sənədli Filmlər Festivalında nümayiş olunaraq iki mükafata layiq görülüb. Mətləb Muxtarovun “Yaddaş sarayları” sənədli filmi isə Çexiyanın “Jihlava” Beynəlxalq Film Festivalı çərçivəsində təqdim edilib.

Bununla yanaşı, bir sıra filmlər Rusiyanın Kazan Film Festivalına, Qazaxıstanda keçirilən “Korkut Ata” Türk Dünyası Film Festivalına və ÜRKER Animasiya Film Festivalına seçilərək uğurlu nəticələr əldə edib.

Məlumdur ki, müəllif filmləri kommersiya layihələrindən fərqlənir və daha çox mədəniyyət, estetik baxış və yaradıcılıq axtarışlarını əks etdirir. Bununla belə, Azərbaycan filmlərinin ixrac potensialının artırılması ARKA-nın daim diqqət mərkəzindədir. Bu məqsədlə Türk dünyası ölkələri ilə əməkdaşlıq genişləndirilir. Bu əməkdaşlığın uğurlu nümunələrindən biri TÜRKSOY-a üzv ölkələrin birgə istehsalı olan “Molla Nəsrəddin: Çətin günlərimin dostu” filmidir. Hazırda üzv ölkələr arasında vahid distribusiya mexanizminin yaradılması da aktiv müzakirə olunur.

– ARKA hazırda müqavilələrin icrasına və vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edir. Bu sahədə vəziyyət necədir?

– Agentlik tərəfindən film istehsalına ayrılan maliyyə dəstəyi “Satınalma haqqında” qanuna uyğun şəkildə həyata keçirilir. Ödənişlər istehsal təqviminə əsasən təqdim olunan mərhələli hesabatlar üzrə icra olunur. İstehsala başlamazdan əvvəl bütün smetalar və xərclər ARKA nəzdində fəaliyyət göstərən, yeddi nəfər mütəxəssisdən ibarət Bədii Şura tərəfindən təhlil edilərək təsdiqlənir.

Dəstək yalnız hüquqi şəxslərə şamil olunur. Son illərdə kino sənayesində yeni şirkətlərin yaradılması müşahidə edilir. Belə ki, 2025-ci ilin ilk on ayında audiovizual sahədə sahibkarlıq subyektlərinin sayı 6,37 faiz, şirkətlərin sayı isə 4,47 faiz artıb. Bu göstəricilər kino sənayesinin dayanıqlı inkişafından xəbər verir.

– Yeni studiyalar və müstəqil prodüserlərin də film istehsalına qoşulduğunu görürük. ARKA bu qurumlarla əməkdaşlıq edərkən hansı meyarlara üstünlük verir?

– Son üç ildə ümumilikdə 70-dən çox layihənin istehsalına dəstək göstərilib və bu layihələrin istehsalçı şirkətlərinin sayı təxminən 40-a yaxındır. Filmlərə dəstək məqsədilə mütəmadi olaraq müsabiqələr keçirilir. Müsabiqələr bir neçə mərhələli dəyərləndirmə prosesindən ibarətdir.

Qiymətləndirmə zamanı müraciət edən şirkətin və yaradıcı heyətin təcrübəsi, layihənin iqtisadi göstəriciləri, istehsalat planı və bədii keyfiyyəti əsas meyarlar kimi nəzərə alınır. Qərarlar Seçim Komissiyası və Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Ekspert Şurası tərəfindən verilir.

– Qarabağ və Vətən müharibəsi mövzusunda çəkilən filmlərdən hansılar yaxın zamanda tamaşaçıya təqdim ediləcək?

– Qarabağ və Vətən müharibəsi mövzuları ARKA-nın prioritet istiqamətlərindəndir. Bu sahədə indiyədək dəstək verilən 22 filmdən 15-i artıq təhvil verilib, onların 9-u tamaşaçıya təqdim olunub. Digər filmlərin də təqdimatları mərhələli şəkildə planlaşdırılır. Bu yaxınlarda keçirilən “Baku Cinema Breeze” festivalı çərçivəsində Zəfərimizin 5 illiyinə həsr olunmuş filmlər nümayiş etdirildi.

– Xarici istehsalçıların ölkəmizdə çəkilişləri ilə bağlı vəziyyət necədir?

– Son iki ildə Azərbaycanda xarici şirkətlər tərəfindən iki film və iki serial çəkilib. Onların arasında Yaponiya istehsalı olan və “Netflix” platformasında yayımlanan “Vivant” serialı xüsusi maraq doğurur. Bundan başqa, müxtəlif ölkələrdən olan prodakşn şirkətləri ölkəmizdə klip və televiziya layihələri də həyata keçirirlər.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezidentin 31 may 2025-ci il tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “xərclərin qismən geri ödənilməsi qaydaları”na əsasən, ölkəmizdə çəkilişlər üçün xərclənən vəsaitin 40 faizə qədəri geri qaytarıla bilər. Bu mexanizm xarici istehsalçıların marağını daha da artıracaq.

– Agentlik nəzdində fəaliyyət göstərən Bədii Şuranın iş prinsipləri nədən ibarətdir?

– Bədii Şura dövlət dəstəyi ilə istehsal edilən film layihələrinin məzmununa, bədii və texniki keyfiyyətinə, həmçinin iqtisadi göstəricilərinə rəy verən kollegial orqandır. Eyni zamanda, layihələrin təsdiqlənmiş istehsalat təqviminə uyğun şəkildə icrasına və təhvil verilməsinə nəzarət edir.

– “Kinematoqrafiya haqqında” qanunun yenilənməsi istiqamətində hansı dəyişikliklər gözlənilir?

– Hazırda kino sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Vergi güzəştləri, “cash rebate” mexanizminin tətbiqi, eləcə də Qarabağ bölgəsində yaradılan xüsusi iqtisadi imkanlar mədəni və yaradıcı sənayelərin inkişafına təkan verir. Bununla yanaşı, “Kino sənayesi haqqında” qanun layihəsi və yayım vəsiqələri ilə bağlı dəyişikliklər üzərində də iş aparılır.

– ARKA 2026-cı ildə hansı müsabiqələri keçirməyi planlaşdırır?

– 2026-cı ildə kino sənayesinin dəstəklənməsi məqsədilə dörd əsas müsabiqənin keçirilməsi nəzərdə tutulur. Bunlara postprodakşn mərhələsində olan layihələrə dəstək, dövlət dəstəyi ilə istehsal ediləcək filmlər, dövlət sifarişi ilə çəkiləcək filmlər və müştərək istehsal layihələri üzrə müsabiqələr daxildir.