2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.
Bu barədə DTA-nın tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yanvarın 1-dən xarici ölkə vətəndaşlarına “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı “Diri Baba” türbəsinə giriş qiyməti 15 manat təşkil edəcək.
Xarici ölkə vətəndaşları üçün güzəşt kateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 25 manat təşkil edir. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqlarını və Palçıq Vulkanları Turizm Kompleksini ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 35 manatdır. Kombinə olunmuş biletlər yalnız bir nəfər üçün nəzərdə tutulub və ilk istifadədən sonra 72 saat müddətində yararlıdır.
Xatırladaq ki, Qoruqları İdarəetmə Mərkəzi 2023-cü ilin 1 iyun tarixindən "Atəşgah məbədi", "Yuxarı Baş" və "Kiş" qoruqlarna (Şəki) və "Diri Baba" türbəsinə giriş qiymətini əcnəbilər üçün 9 manat müəyyən etmişdi. "Yanar dağ” və “Atəşgah məbədi” qoruqları üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 manat təyin edilmişdi.
Azərbaycan Respublikasının vətəndaşları üçün qoruq və muzeylərə giriş qiymətində hər hansı dəyişiklik yoxdur və hazırda 2 manat təşkil edir.
Azərbaycan Respublikası vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Həmçinin xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına giriş ödənişsizdir.






















