Bu il XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəllinin (1905–1990) anadan olmasının 120 illiyidir.
Bu münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat və yaradıcılığını əhatə edən biblioqrafik vəsait nəşr etdirib. “Osman Sarıvəlli – 120” vəsait şair haqqında tərtib olunan ilk biblioqrafiyadır.
Kitabxanadan bildirilib ki, biblioqrafik göstəricidə rəsmi sənədlər, akademik Nizami Cəfərovun “Osman Sarıvəllinin həyat və yaradıcılığı”, Xalq şairi Zəlimxan Yaqubun “Xatirələr işığında – Osman Sarıvəlli”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Osman Sarıvəlli – 120” adlı məqalələri də yer alıb. “Osman Sarıvəllinin həyat və yaradıcılığının əsas tarixləri”, “Osman Sarıvəlli görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Osman Sarıvəlli haqqında” bölmələrin olduğu biblioqrafik nəşrdə şairin həyat və yaradıcılığı, ədəbi fəaliyyəti ilə bağlı 1928-2025-ci illəri əhatə edən materiallar əksini tapıb.
Vəsait tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, Milli Kitabxananın, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, BDU-nun, ADPU-nun kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilib.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Nizami Cəfərovdur.
***
“Dəmir sətirlərim” adlı ilk şeirlər toplusu 1934-cü ildə işıq üzü görən Osman Sarıvəlli XX əsr Azərbaycan ədəbiyyatına “Bənövşə” (1940), “Şairin hədiyyəsi” (1943), “Gətir, oğlum, gətir” (1943), “Gənclik eşqi” (1946), “Bahar çiçəkləri” (1949), “Yeni dünyanın qapısı” (1950), “İqlimdən-iqlimə” (1963), “Sabahı yaradanlar” (1970), “Hər kim yüz il yaşamasa” (1976), “Mən sabaha gedirəm” (1979), “Kür qırağında” (1987) kimi kitablar bəxş edib.


















