AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü münasibətilə “Dilin gücü, mədəniyyətin yaddaşı: Türk dünyasında ortaq dəyərlər” mövzusunda beynəlxalq simpozium keçirilib.
Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli giriş sözündə elmi simpoziumun Dünya Türk Dili Ailəsi Günündə keçirilməsinin təsadüfi olmadığını söyləyib. Bildirib ki, UNESCO tərəfindən bu əlamətdar günün təsis olunması türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Türk dilləri ailəsinin yalnız dilçilik kateqoriyası deyil, ortaq mədəni yaddaşın, tarixi irsin və mənəvi birliyin daşıyıcısıdır.
Direktor müavini AMEA-nın Türkiyə və Özbəkistanın elm və təhsil qurumları ilə elmi əlaqələrinə də diqqət çəkib. O, Azərbaycanın zəngin ənənəyə malik türkologiya elminin və Türk dünyası ilə əlaqələrin inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, ortaq əlifbanın xalqlarımızın mənəvi birliyinə xidmət edəcəyini, türk xalqlarını bir çox sahələrdə daha da yaxınlaşdıracağını qeyd edib.
Türkiyənin Qafqaz Universitetinin (Qars) dosenti Muhammed Alparslan Kartal çıxış edərək tədbirin Dünya Türk Dili Ailəsi Gününə həsr olunan ilk beynəlxalq simpozium kimi tarixi əhəmiyyət daşıdığını söyləyib. O, simpoziumun növbəti illərdə Türkiyədə, Özbəkistanda və digər türk dövlətlərində keçirilməsini məqsədəuyğun hesab edib.
Tədbirdə Uludağ Ətraf Mühit Agentliyinin (Türkiyə) rəis müavini professor Mehmet Yüce, Özbəkistanın Beynəlxalq Buxara Universitetinin rektoru professor Şarif Baratov, AMEA Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru professor Tahirə Məmməd və başqaları çıxış ediblər. Çıxışlarda 2026-cı ildə türk xalqlarının dil, mədəniyyət və elmi əməkdaşlıq tarixində mühüm mərhələ olan Birinci Türkoloji Qurultayın 100 illiyinin də Bakıda qeyd olunacağı bildirilib.
Simpozium işini “Türk coğrafiyası ədəbiyyat və mədəniyyətdə: ortaq dəyərlər”, “Türk dil tarixi, söz varlığı və ortaq dil məsələləri”, “Türk dünyasında söz mədəniyyəti: Folklor və ortaq dəyərlər”, “Klassik və modern türk ədəbiyyatı: mətnlər, şeir və kimlik”, “Tarix, milli dəyərlər və siyasət”, “Din, dəyərlər, təhsil və tarixi irs”, “Türk ədəbiyyatında qədim dəyərlər” adlı panel iclasları ilə davam etdirib.




















