Dekabrın 20-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 105 yaşı tamam olur.

Bu əlamətdar tarixi qeyd etmək üçün teatrda "Bütün dünya səhnədir" devizi altında təntənəli tədbir keçiriləcək.

Yubiley axşamında sənətsevərlərə dünya dramaturgiyasının zirvələrindən olan Uilyam Şekspirin "Hamlet" əsərinin tamaşası göstəriləcək.

Tamaşaya teatrın baş rejissoru Xalq artisti Aleksandr Şarovski quruluş verib.

Yubiley münasibətilə Akademik Rus Dram Teatrı digər teatrlardan təbriklər də qəbul  edəcək.

Həmçinin teatrın foyesində sənət ocağının tarixinə həsr olunmuş sərgi keçiriləcək.

Qeyd edək ki, Bakıda Rus Dram Teatrının əsası 1920-ci il dekabrın 20-də qoyulub. Həmin gün Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə yaradılan rus teatr truppasının – Azad Tənqid və Təbliğ Teatrının (“Satir-Aqit” teatrı) açılışı olub.

1923-cü ildə teatr yenidən təşkil edilərək Bakı İşçi Teatrı, 1937-ci ildə isə Azərbaycan Dövlət Rus Dram Teatrı adlandırılıb. 1956-cı ildən Səməd Vurğunun adını daşıyır. 2019-cu ildə teatra “Akademik” statusu verilib.