Dekabrın 14-də dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915–1989) anadan olmasının 110 illiyi münasibətilə sənətkarın əsasını qoyduğu və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrında konsert keçirilib.
Musiqi axşamında rəsmilər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdən öncə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirova və Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev görkəmli müğənninin ömür və sənət yolu barədə söz açıblar. Bildirilib ki, Rəşid Behbudov bənzərsiz səsi və ifaçılıq məharəti ilə milyonların qəlbini fəth edən sənətkar, həmçinin musiqi təşkilatçısı kimi mədəniyyət tariximizdə silinməz iz qoyub.
Sonra geniş konsert proqramı təqdim olunub.
Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin (dirijor Ellada Məmmədova) müşayiəti ilə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Salman Qəmbərov, Əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Nurlan Növrəsli, eləcə də solistlər İlhamə Qasımova, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Ərəstun Quliyev, Urfan Cəfərov və Nicat Aslanov çıxış ediblər.
Rəşid Behbudovun şəxsiyyətinə və sənətinə rəğbətin təcəssümü olan konsert proqramı alqışlarla qarşılanıb.
Musiqi axşamında çıxışlar sənətkarın zəngin yaradıcılıq irsini əks etdirən arxiv foto və video görüntüləri ilə müşayiət olunub.

























