Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Çin Xalq Respublikasının teatrları ilə əməkdaşlığa başlayır. Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov bu məqsədlə Çin Xalq Respublikasına (ÇXR) səfər edib.
Bu barədə Akademik Milli Dram Teatrından məlumat verib.
Səfər çərçivəsində ÇXR-in Qansu və Şandun vilayətlərinin Milli Dram teatrları və Şandun Böyük Milli Dram Teatrında görüş keçirilib, əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Qansu Milli Dram Teatrı və Akademik Milli Dram Teatrı arasında əmə kdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, iki ölkənin milli dramaturgiyasına müraciət olunması, ustad dərslərinin keçirilməsi, yaradıcı kollektivlərin qastrollarının təşkili və digər müştərək layihələrin həyata keçirilməsi planlaşdırılır. Qansu Milli Dram Teatrının direktoru Ui Şoulin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
İmzalanma mərasimində çıxış edən İlham Əsgərov Azərbaycanın Mədəniyyət Nazirliyinə və Çinin Mədəniyyət və Turizm Nazirliyinə teatr əlaqələrinə verdikləri dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, əməkdaşlıq iki ölkə arasında olan mədəni münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcək. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan-Çin mədəni münasibətləri də inkişaf etməkdədir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanan sazişlər birgə layihələrin həyata keçirilməsinə şərait yaradıb. 2025–2029-cu illəri əhatə edən “Mədəni əməkdaşlıq haqqında Protokol”un Pekin şəhərində imzalanması bu istiqamətdə atılmış mühüm addımdır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iki ölkədə teatr sənətinin inkişafına, eləcə də xalqlarımız arasında mədəni inteqrasiyanın güclənməsinə xidmət edəcək yaradıcılıq əlaqələrinin qurulmasına hazırdır.
İlham Əsgərov əlavə edib ki, ikitərəfli əməkdaşlığın əsas məqsədlərindən biri də Çin teatrlarının müasir teatr avadanlıqları ilə tanışlıq, gələcəkdə onların Azərbaycanda sərgilənməsi və tətbiqi imkanlarını nəzərdən keçirməkdən ibarətdir: "Əminəm ki, Azərbaycan və Çin milli teatrları arasında qurulacaq bu əməkdaşlıq hər iki ölkənin teatr həyatına yeni nəfəs gətirəcək, xalqlarımız arasında mədəni əlaqələrin inkişafına layiqli töhfə verəcək".
Səfər çərçivəsində Şandun Böyük Teatrı və Şandun Milli Dram teatrlarında tamaşaların məşq prosesi izlənilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.
























