Xəbər verdiyimiz kimi, 14-15 dekabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu keçirilir.
Forum çərçivəsində dekabrın 14-də UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü olub.
Toplantıda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edib.
Adil Kərimli çıxışı zamanı Azərbaycan Respublikasında tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır" fikirlərini diqqətə çatdıran nazir mədəniyyətlərarası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkür edən Adil Kərimli UNAOC-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu xüsusi qeyd edib.
Çıxışda Azərbaycanın UNAOC ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə də toxunulub.






















