Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.

Əvvəlcə qonaqlar Özbəkistanın mədəni irsinə, tarixinə və müasir inkişafına həsr edilmiş fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında bildirib ki, bu tədbir sadəcə bir görüş deyil, iki qardaş xalqın bir-birinə olan hörmətinin və məhəbbətinin parlaq təzahürüdür. Qeyd edib ki, xalqlarımız Azərbaycanda özbək mədəniyyətinə, Özbəkistanda isə Azərbaycan mədəniyyətinə hər zaman böyük sevgi və rəğbətlə yanaşıb. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ənənəsi ortaq mənəvi sərvətimizi qorumaq öhdəliyimizin ifadəsidir və bu ənənənin davamlı olması strateji əməkdaşlığımızın təbii nəticəsidir.

Fərid Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan və Özbəkistan xalqlarını qədim dövrlərdən birləşdirən tarixi, mədəni və mənəvi bağlar mövcuddur. Ortaq tarixi köklərimiz, eyni dil ailəsinə mənsubluğumuz, zəngin mədəni irsimiz və dini dəyərlərimiz ölkələrimiz arasında münasibətlərin möhkəm təməlini təşkil edir. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla davam edən Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı mədəniyyət sahəsində sıx əlaqələrimizdə də özünü büruzə verir. 

Özbəkistan Respublikasının mədəniyyət nazirinin müavini Bahodir Əhmədov qeyd edib ki, bu tədbir Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu bir daha göstərir. O vurğulayıb ki, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi qardaş xalqlarımızın bir-birinə olan sevgisinin, hörmətinin və ortaq mənəvi dəyərlərinin parlaq təzahürüdür.

Nazir müavini bildirib ki, mədəniyyət günlərində özbək musiqi və rəqsləri ilə yanaşı, Azərbaycan mahnıları və sənət nümunələri də səslənəcək. Bu, mədəniyyətlərimizin bir-birini necə zənginləşdirdiyini, ortaq köklərimizin nə qədər yaxın olduğunu nümayiş etdirir.

Sonra Özbəkistanın Xalq artsiti Kamoliddin Urinbayevin rəhbərliyi ilə simfonik orkestr, solistlər və “Navruz" rəqs ansamblının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri dekabrın 20-dək davam edəcək. Mədəniyyət Günlərinin keçirilməsində məqsəd Özbəkistanla Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.

Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək. Eyni zamanda, Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün mədəni proqram da təşkil olunacaq.

Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.