Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Maqsud İbrahimbəyovun hekayələri əsasında səhnələşdirilmiş “Xəyalların yaratdığı gələcək” tamaşasını Şamaxı Mədəniyyət Mərkəzində (Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi) təqdim edib.

Tamaşa Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların ölkədaxili qastrolları çərçivəsində nümayiş olunub.

Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev mediaya açıqlamasında regionlarda qastrol tamaşalarının teatr üçün əhəmiyyətini vurğulayıb: “Bu tamaşanı Gəncə və Lənkəranda nümayiş etdirdik və böyük rəğbət gördük. Şamaxıda da bizi çox səmimi qarşıladılar. Burada yaradılan şərait, qonaqpərvərlik və səhnənin texniki imkanları kollektivimizə xüsusi ruh verib. Aktyorlarımız da bu şəraitin tamaşanın keyfiyyətinə müsbət təsir etdiyini qeyd edirlər”.

Direktor əlavə edib ki, regionlarda tamaşaçı ilə ünsiyyət teatrın yaradıcılıq planlarında daim prioritet olaraq qalır.

Tamaşanın əsas rollarından birini ifa edən Əməkdar artist İnna İmranova Şamaxıda çıxış etməyin ona xüsusi zövq verdiyini vurğulayıb: “Bu gün gözəl bir tamaşa ilə Şamaxıya qonaq gəlmişik. “Xəyalların yaratdığı gələcək” tamaşası Maqsud İbrahimbəyovun 90 illiyinə həsr olunub və onun hekayələri əsasında hazırlanıb. Bu tamaşada həm teatrın gənc aktyorları, həm də orta nəsil sənətkarları yer alıb”.

Aktrisa bildirib ki, tamaşanın mövzusu səmimiyyət, dostluq, canlı ünsiyyətdir. Bu, region tamaşaçısına da yaxşı tanışdır: “Biz göstərmək istəyirik ki, həyatda əsas olan canlı ünsiyyətdir. Nə telefon, nə də başqa vasitələr insan münasibətlərinin əvəzini verə bilməz”.

Qeyd edək ki, Vladimir Neverovun səhnələşdirməsi əsasında hazırlanan “Xəyalların yaratdığı gələcək” tamaşasının quruluşçu rejissor Raulya Türkkandır.

Səhnə əsərinin Şamaxıda nümayişi yerli tamaşaçılara sənət zövqü yaşadıb. Şamaxı Mədəniyyət Mərkəzindəki yaradıcı mühit, səhnə şəraiti və tamaşaçı marağı gələcəkdə bu kimi layihələrin davamlı həyata keçirilməsi üçün zəmindir.