M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyskinin (1875–1920) 150 illiyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan bildirilib ki, musiqili gecədə İlahə Hüseynovanın dirijorluğu, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xorunun müşayiəti ilə solistlər – Əməkdar artistlər Almaz Orucova, Xəyyam Məmmədov (kamança) və Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Rəvan Qaçayev, Fərid Əliyev, Rəvanə Qurbanova, Xatirə Kərimova (saz), Taleh Yəhyayev çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəylinin “Cəngi”, Polad Bülbüloğlunun “Şən Azərbaycan” və “Eşq və Ölüm” baletindən “Döyüşçülərin rəqsi”, Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilmindən mahnı, Azərbaycan xalq mahnısı “Ay Laçın”, Əlibaba Məmmədovun “Xudayar təsnifi”, Niyazinin “Vətən nəğməsi”, Dadaş Dadaşovun “Gözəldir” və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə ifa olunan musiqi nömrələri bir tərəfdən sənətə, digər tərəfdən isə görkəmli şəxsiyyət Fətəli xan Xoyskinin xatirəsinə ehtiramın ifadəsi kimi alqışlarla qarşılanıb.
























