Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında Zemfira xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, “Çox kiçik dünya"nın incə qəlbli söz adamı”, “Döyüşə qızlar gedir... Zemfira Məhərrəmlinin “Ümid işığı” pyesi əsasında hazırlanmış tamaşa haqqında”, “Yaz təravətli, bahar ətirli - Zemfira Məhərrəmli” kimi məqalələrin tam mətni yer alıb.
Elektron topluda Zemfira Məhərrəmlinin yaradıcılıq nümunələrinin, tərtib və redaktə etdiyi kitabların, elmi məqalələrinin, müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan dövri mətbuat nümunələrinin siyahıları verilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Virtual sərgi”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunub.
Elektron toplu kitabxananın saytında yerləşdirilib.


















