Azərbaycan Milli İncəsənət Muzeyində tamaşa göstərilib. “Günay” uşaq teatrı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə bəstəkarın “Arşın mal alan” musiqili komediyasını burada nümayiş etdirib.
“Günay” uşaq teatrının bədii rəhbəri və baş rejissoru Larisa Tarusova çıxış imkanı yaratdıqlarına görə Milli İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, müxtəlif repertuarlarla yanaşı “Günay” uşaq teatrında, xüsusilə vətənpərvərlik mövzusu mühüm yer tutur və kollektiv uzun illərdir Üzeyir Hacıbəylinin yaradıcılığına xüsusi diqqət ayırır.
Teatr 15 ildir “Arşın mal alan” tamaşasını müxtəlif nəsillərdən olan uşaqların iştirakı ilə təqdim edir və bununla da böyük milli mədəniyyəti onlara sevdirir.
Rejissorun sözlərinə görə, yeni aktyor heyəti ilə uzun və zəhmət tələb edən bir hazırlıq prosesi keçirilib və bu tamaşanın məhz uşaqlar tərəfindən sevilməsi onun üçün xüsusilə dəyərlidir. Çoxlu sayda uşaqlar tamaşada iştirak etmək üçün müraciət edir, mətni əvvəlcədən öyrənir və hazırlıq prosesinə qoşulmağa can atırlar.
Sonra tamaşa nümayiş olunub. Tamaşada Tuncay Həmidli , Əzizə Məhərrəmova, Oktay Xudiyev, Manisa Bağırova, Alesya Aksyonova, Marqarita Fadeyeva və digər gənc ifaçılar iştirak ediblər.






















