Dünya kinosunun nüfuzlu müsabiqələri sırasında yer alan Mərakeş Beynəlxalq Film Festivalı (The Marrakech International Film Festival – FIFM) bu il 22-ci dəfə keçirilib.

Noyabrın 28-dən dekabrın 6-dək davam edən festivalın baş mükafatı – “Qızıl Ulduz”   Fransa-Tunis rejissoru Erige Sehirinin “Vəd edilmiş səma” (Promis le Ciel) filminə verilib. Ekran əsəri Tunisdəki miqrantların duyğulu yaşam hekayəsindən, Fil Diş Sahilindən (Côte d'Ivoire) bu ölkəyə gəlmiş bir qrup insanın dolanmaq üçün mübarizə aparmasından bəhs edir.

Rejissor Erige Sehiri aldığı mükafatı 2024-cü ildən Tunisdə həbsdə olan irqçiliyə qarşı mübariz Saadia Mosbaha həsr edib.

Oscar Hudsonun satirik “Düz dairə” ("Straight Circle") filmi ən yaxşı rejissor kateqoriyasında qalib olub. Həmçinin ən yaxşı aktyor, aktrisa və s. kateqoriyalar üzrə mükafatlar təqdim olunub.

22-ci Mərakeş Beynəlxalq Film Festivalının “Jüri mükafatı”nı isə iki sənədli film bölüşüb: Vladlena Sandunun (Ukrayna) “Yaddaş” filmi Çeçenistan müharibəsində təsirli uşaqlıq yaşantısını ekrana gətirir, Jihan K.-nın “Atam və Qəddafi” filmi isə Liviya müxalifətçisinin yoxa çıxmasını araşdırır.

Mərakeş Krallığının Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, builki festivalda 31 ölkədən ümumilikdə 82 film nümayiş etdirilib.

“Rəsmi müsabiqə” proqramında 14 filmi Cənubi Koreya rejissoru Bong Joon-Honun sədrlik etdiyi münsiflər heyəti qiymətləndirib.

Bundan əlavə, “Qala seanslar”, “Horizontlar”, “Mərakeş kinosu panoramı” və gənc auditoriya üçün proqram üzrə film nümayişləri olub.

Vüqar Orxan