Tarixi abidələr keçmişlə gələcək arasında körpü, milli yaddaşın canlı şahidləridir. Onlar dövlətçilik tariximizin müxtəlif mərhələlərini, xalqımızın müstəqillik arzularını və mübarizəsini özündə yaşadır.

Azərbaycan ərazisində yaranan qədim dövlətlərin və onların qoyduğu irsin müstəqil dövlətçilik ideyasında böyük rolu vardır. Tarixi abidələrimiz (qalalar, saraylar, məbədlər, xatirə kompleksləri) xalqımızın müstəqil yaşamaq iradəsini, qəhrəmanlığını və zəngin mədəni irsini əks etdirən əyani dərs vəsaiti rolunu oynayır. Bu abidələri qorumaq, Konstitusiyanın 77-ci maddəsində də qeyd olunduğu kimi, hər bir vətəndaşın borcudur. Onlar müstəqil dövlətimizin əbədi və sarsılmaz olmasının təminatçısıdır.

Orta əsrlərdə Azərbaycan ərazisində bir sıra qüdrətli dövlətlər – Şirvanşahlar dövləti, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi dövlətlər mövcud olub. Bu dövrlərə aid abidələr, xüsusilə saraylar, qalalar və türbələr həmin dövlətlərin mədəni və siyasi gücünü əks etdirir. Belə abidələrdən biri “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan “Qədim Şabran şəhəri” dünya əhəmiyyətli arxeoloji abidəsidir.

Şabran rayonunun Şahnəzərli kəndi ərazisində yerləşən “Qədim Şabran şəhəri” abidəsi Azərbaycan memarlığının nadir nümunəsi olmaqla yanaşı, dövrün dövlətçilik ənənələrini yaşadan bir abidədir. XVII əsrin sonlarınadək Şabran şəhərinin yeri Azərbaycan üçün mühüm mədəni-iqtisadi və hərbi strateji mərkəz rolunu oynayıb. Tədricən iqtisadi çətinliklərlə qarşılaşan və tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII əsrin ortalarında tarix səhnəsindən silinib. Qədim şəhərdən günümüzə qalıqları qalan şəhərin ərazisindəki Narın qala, bürclər, məscidlər, sənətkarlıq məhəllələri, zindan, zərbxana dövlətin təşkilati və ideoloji strukturunu əks etdirib.

Azərbaycanda IX əsrə aid kanalizasiya sistemi ilk dəfə Şabranda aşkar edilib. Daş və kərpicdən hörülmüş və şəhərin mərkəzi məhəlləsini çay ilə birləşdirən bu sistem şəbəkəli formada və örtülü olub. XI-XII əsrlərdə əhali bulaq suyunu şəhərə 14 km məsafədən xüsusi tünglər (saxsı su borusu) vasitəsi ilə gətirmişlər. Şirvanşahlar dövlətinin ailə sərdabəsi, zindan həbsxanası və zərbxanaları Şabran şəhərində olub. Şabran qızılın əyarının müəyyənləşdirilməsində istifadə olunan məhək daşı ilə də məşhur olub.

Aparılan qazıntılar zamanı əldə edilən maddi mədəniyyət nümunələrindən bəlli olur ki, qədim Şabran şəhərində sənətkarlıq yüksək səviyyədə təşəkkül tapıb. Burada şirli və şirsiz qablar hazırlanırdı. Sənətkarlığın çox mühüm sahələrindən biri olan şüşə istehsalı da burada inkişaf etmişdi. Öz çörəyi, düyüsü və digər məhsulları ilə məşhur olan bu şəhərdən dünya bazarlarında yüksək qiymətləndirilən ipək və yun parçalar, eləcə də xalçalar və boyaq maddələri ixrac edilirdi. Tədqiqatçılar tərəfindən Şabranda möhtəşəm ictimai binanın qalıqları, habelə XI əsrə aid şəhərin küçə və meydanlarının ümumi planı aşkar edilib.

Tarixi abidələr həm keçmişin şahidi, həm bugünün simvolu, həm də gələcəyin təməlidir. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda bu abidələrə sahib çıxmaq, onları tarixi və ideoloji baxımdan dəyərləndirmək hər bir vətəndaşın vəzifəsidir. Çünki abidələrimizin yaddaşı, dövlətimizin varlığına işıq salan güzgüdür. Azərbaycanın dövlət müstəqilliyi yalnız siyasi  və hüquqi sənədlərlə deyil, həm də xalqın tarixində, mədəniyyətində və tarixi abidələrində əksini tapıb. Bu abidələr xalqımızın keçmişinə işıq salır, onun azadlıq və dövlətçilik idealına sədaqətini nümayiş etdirir.

Səmra Hacıyeva

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun böyük elmi işçisi