Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qış tanqosu” adlı konsert keçirilib.

Filarmoniyanın mətbuat xidmətindən bildirilib ki, əvvəlcə pianoçu Samirə Dbila-Budaqova konsert proqramı ilə bağlı tamaşaçılara məlumat verib.

Proqramda Argentina bəstəkarı Astor Piatsollanın (Piazzolla; 1921–1992) “Fəsillər” ("Buenos-Ayresdə fəsillər" tanqo silsiləsi), “Ave Maria” (Azərbaycanda ilk dəfə səslənib), “Vuelvo al sur”, “Rio sena”, “Chau Paris”, “Café 1930”, “Oblivion”, “Adios Nonino” və “Libertango” kimi məşhur əsərləri səslənib.

Həmçinin pianoçu Ruslan Ağababayevin sərbəst improvizasiyası təqdim olunub.

Konsertdə müxtəlif tərkibdə solistlər çıxış edib – Ülviyyə Dadaşova (piano), Aleksey Miltıx (violonçel), Ceyla Seyidova (violin), Nərgiz Kərimova (soprano), Samirə Aşumova (piano), Arslan Növrəsli (tar), Raul Hüseynov (bas gitara), Əyyub Əliyev (violonçel), Xəyal Əliyev (akkardeon) və Elvin Bəşirov (zərb alətləri).

Gecənin xüsusi qonaqları – “Baku Tango Embrace” rəqs qrupunun solistləri Vajiha Səfərəliyeva və Kamran Babayevin ifaları da maraqla qarşılanıb.