Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” davan edir.
Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbirlə əlaqədar 50-dək ölkədən rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye üzrə ekspertlərdən ibarət 300-dən çox qonaq Azərbaycana təşrif buyurub.
Dekabrın 9-da Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit arasında ikitərəfli görüş olub.
Naziri Adil Kərimli belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə İƏT-in rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının İƏT-lə əlaqələri strateji əhəmiyyət daşıyır.
Festivalın əhəmiyyətini vurğulayan nazir deyib ki, bu layihə İslam dünyasında mədəni əməkdaşlığı təşviq etmək, mədəni əlaqələri möhkəmləndirmək və yaradıcı təşəbbüsləri dəstəkləmək üçün mühüm platformadır.
Tariq Ali Bakhit festivalın yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. İƏT rəsmisi Azərbaycanın İslam dünyasında həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə mühüm töhfələr verdiyini məmnunluqla diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.





















