AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib.

İnstitutdan bildirilib ki, iclasdan öncə 2025-ci il ərzində nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanışlıq olub.

Elmi şuranı AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı və Ədəbiyyat İnstitutunun vəzifələri haqqında fikirlərini bölüşüb. İnstitutun fəaliyyətində rəqəmsallaşma ilə bağlı yeniliklər, o cümlədən Elektron xidmətlər şöbəsinin Rəqəmsal ədəbiyyatşünaslıq, süni intellekt və elektron xidmətlər adlandırılması diqqətə çatdırılıb.

Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı 2025-ci il üzrə illik elmi hesabatı təqdim edib. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verilib. 

Qeyd olunub ki, ümumilikdə il ərzində institutda 2 istiqamət, 8 problem, 19 mövzu üzrə işlənilən 151 işdən 80-i tamamlanıb, 71 iş üzrə tədqiqat davam edir. İnstitutun uğurları sırasında 16 tərtib, 5 tərcümə, 7 dərslik olmaqla 98 kitab, 66-sı xaricdə, 577-si jurnal və toplularda, 229-u qəzetdə olmaqla 872 məqalə çap olunub.

Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses – 2025” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında məlumat verib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru akademik Teymur Kərimli və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək qiymətləndiriblər.