2010-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında olan "Amerikalı kürəkən" tamaşası (Ramiz Mirişli, Marat Haqverdiyev) dekabrın 5-də 70-ci dəfə göstərilib.

Səhnəyə qoyulduğu vaxtdan tamaşaçı sevgisini qazanan musiqili komediyanın yubiley nümayişi də anşlaqla keçib.

İkihissəli tamaşanın musiqisi mərhum bəstəkar, Xalq artisti Ramiz Mirişliyə, librettosu Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevə, quruluşu Xalq artisti İlham Namiq Kamala məxsusdur. 

Tamaşanın maraqlı mövzusu var. Hadisələr övladının xoşbəxtliyini yalnız maddi rifahda görən valideyn obrazının tipik nümunəsi olan Tünzalə xanımın (Rəsmiyyə Nurməmmədova) ətrafında cərəyan edir. O, qızı Reyhanı (Gültac Əlili) varlı-hallı Cəlil Balayeviçə (Əkbər Əlizadə) ərə vermək arzusundadır. Lakin qızı Reyhan sadə ingilis dili müəllimi olan Kamranı (Səmədzadə Xasıyev) sevir. Bu ziddiyyətli vəziyyətdən çıxış yolu kimi gənclərin qurduğu məzəli "Amerikalı kürəkən" oyunu tamaşanın leytmotivini təşkil edir.

Komediya sevginin və həqiqi dəyərlərin saxta ambisiyalar üzərində qələbəsini nümayiş etdirir, tamaşaçıya həm güldürən, həm də düşündürən anlar bəxş edir.