Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) postprodakşn mərhələsində dəstəklədiyi “Boşluğa xütbə” filminin Bakı premyerası dekabrın 7-də, İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”yə daxil olan “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində baş tutub.

Nümayişdən əvvəl rejissor Hilal Baydarov ekran əsərinin ideya xətti, yaradıcı konsepsiyası, çəkiliş prosesi və beynəlxalq festival təcrübəsi barədə ətraflı məlumat verib, filmin Venesiya, Tokio və Qahirə festivallarında tədqimatının Azərbaycan kinosunun qlobal miqyasda tanınmasına mühüm töhfə verdiyini vurğulayıb. Rejissor filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Kino Agentliyinə (ARKA) təşəkkürünü ifadə edib.

Xatırladaq ki, “Boşluğa xütbə” Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmidir. Azərbaycanlı rejissorun bu silsilədən ilk işi – “Balıqlara xütbə” (“Sermon to the Fish”) 2022-ci ildə istehsal olunub və festivallarda uğurla nümayiş olunub. O cümlədən 75-ci Lokarno Film Festivalında (İsveçrə) jürinin xüsusi mükafatına, 32-ci Cottbus Film Festivalında (Almaniya) münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.

Müharibələrin ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıl olan filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır. Filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.

“Boşluğa xütbə” filmi daha bu il 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar proqram” bölməsində, ondan öncə isə Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında və Qahirə Beynəlxalq Film Festivalında nümayiş etdirilib.