Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” (5–11 dekabr) davam edir.
Bu çərçivədə keçirilən “Baku Cinema Breeze” beynəlxalq kino proqramında Türk Animasiya Assosiasiyası (ATA) da özəl proqramla iştirak edir.
Proqramın əsas məqsədi Türk dünyasının zəngin animasiya irsini nümayiş etdirmək və regionda uşaq animasiyasının inkişafına dəstək olmaqdır.
Dekabrın 6-7-də Nizami Kino Mərkəzində nümayiş olunan proqrama türk ölkələrinin animasiya studiyaları tərəfindən hazırlanan uşaq filmləri (“Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog”, “Bum Bum”, “Yer və Ay”) daxildir.
ATA-nın bu təşəbbüsü, yalnız əyləncə deyil ortaq mədəniyyətin təbliği, yaradıcı əməkdaşlığın genişlənməsi və gələcək nəsillərdə mədəni dəyərlərə marağın formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Proqram animasiya vasitəsilə Türk dünyasının hekayələrini daha geniş auditoriyaya çatdırmağı və bu sahədə yaradıcı dialoqa zəmin yaratmağı hədəfləyir.



















