Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın 75 illiyi münasibətilə elektron məlumat bazası və biblioqrafik icmal hazırlanıb.

Məlumat bazasında yubilyarın kitabları, həyat və fəaliyyətinin əsas məqamları, layiq görüldüyü mükafatlar və s. barədə məlumatlar verilir. Bazada Rumıniyanın Yassi Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin sədri Lyudmila Bejenarunun “Çoxşaxəli şəxsiyyətin örnək taleyi: Kamal Abdulla - 75”, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın “Ədəbiyyatımızın Kamal Abdulla tarixi” və filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılın “Dilçilik və ədəbiyyat arasında körpü: Kamal Abdullanın elmi-ədəbi irsi” kimi məqalələrin tam mətni də təqdim edilib.

Məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “Foto və videoqalereya” kimi bölmələr də var.

Biblioqrafik icmalda müəllifin “Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı”, “Mənim Füzulim”, “Sirlərin sərgüzəşti”, “Edam vaxtını dəyişmək olmaz”, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kimi 40-dan çox kitabının biblioqrafik təsviri və qısa annotasiyası verilib.

Elektron məlumat bazası Gənclər Kitabxanasının saytında yerləşdirilib.

***

Milli Kitabxanada görkəmli akademik, Xalq yazıçısı Kamal Abdullanın anadan olmasının 75 illiyi münasibətilə “Akademik Kamal Abdulla – 75” adlı ənənəvi kitab sərgisi və “Xalq yazıçısı Kamal Abdulla” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgilərdə rəsmi sənədlər, milli ədəbiyyatımızın görkəmli nümayəndəsi, Əməkdar elm xadimi Kamal Abdullanın fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, romanları, povestləri, hekayələri, pyesləri, şeirləri, tərcümələri, esseləri, ideya müəllifi, layihə rəhbəri, elmi redaktor olduğu əsərlər, həyat və fəaliyyəti, yaradıcılığı haqqında tədqiqat əsərləri, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər Milli Kitabxana saytındakı linkdən istifadə edə bilərlər.

***

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) da görkəmli alim və yazıçının yubileyi münasibətilə kitab sərgisi təşkil edilib. 

Sərgidə Kamal Abdullanın ədəbi və elmi fəaliyyətini, dilçilik sahəsində apardığı tədqiqatları və ədəbiyyatşünaslığa verdiyi mühüm töhfələri əks etdirən nəşrlər – “Seçilmiş əsərləri”nin yeddicildliyi, “Sirri-zəmanə”, “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud”, “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993–2003)”, “Azərbaycançılıq və ‘Kitabi-Dədə Qorqud” dastanı”, “Həqiqətin onomastikası” və  kitabları yer alıb.

Həmçinin multikulturalizm və azərbaycançılıq ideyalarına həsr olunmuş “Heydər Əliyev və multikultural təhlükəsizlik”, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları”, “Azərbaycan multikulturalizmi” və digər kitablar oxucuların diqqətinə təqdim edilir.