Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Xalq yazıçısı akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə “Sözün sehrinə sığınan adam” adlı tədbir keçirilib.
Bu barədə məlumat verən ATXİ-nin məsul katibi Aida Qafarova qeyd edib ki, Kamal Abdulla müasir Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir. Onun zəngin fəaliyyətin mühüm qollarından biri də teatr sənətinə bəxş etdiyi dəyərli əsərlərdir. Yazıçının ölkə teatrlarında uğurla səhnələşdirilən tamaşalarında dilin milli yaddaşın daşıyıcısı kimi təqdim olunması xüsusilə ön plana çəkilir. Kamal Abdullanın əsərləri beynəlxalq səviyyədə də böyük maraq doğurur. Onun elmi düşüncələri və bədii axtarışları insanı düşünməyə, dərk etməyə, həm özünü, həm də dünyanı yenidən kəşf etməyə çağırır.
Yubiley tədbirində Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Azad Şükürov çıxış edərək Kamal Abdullanın zəngin elmi, ədəbi və ictimai fəaliyyətindən söz açıb.
ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov, ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Əsgər Əsgərov yubilyarın Azərbaycan elminə və mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.
Sonra ADMİU tələbələri yazıçının “Bir, iki, bizimki” tamaşasını nümayiş etdiriblər. Səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu, iki fərqli dünyanın insanları arasında söhbət, toxunuş, sevgi, peşmanlıq və qovuşmaq istəkləri üzərində qurulan süjet xəttini səhnəyə daşıyıb.






















