Şəki Dövlət Dram Teatrı paytaxtda qastrolda olub. Yaradıcı kollektiv Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Bəxtiyar Vahabzadənin “Dar ağacı" əsərinin tamaşasını təqdim edib.
Teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədovanın bildirdiyinə görə, tamaşa Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub. Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.
Nümayişdən öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və Əməkdar incəsənət xadimi, teatr tədqiqatçısı İlham Rəhimli çıxış edərək, Bəxtiyar Vahabzadənin yaradıcılığı, dram əsərləri barədə söz açıb, xatirələrini bölüşüblər. Tamaşanın nümayişi üçün göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə, Akademik Milli Dram Teatrına təşəkkür ifadə olunub.
Sonra “Dar ağacı" tamaşası nümayiş olunub.
Səhnə əsərinə Şəki teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Quruluşçu rəssam və geyim üzrə rəssam Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeyster Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi mərhum bəstəkar Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova aiddir.
Rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev, Cavidan Eminov (ərəb əsgərləri) ifa ediblər.
Tamaşaçılar Akademik Milli Dram Teatrının foyesində Şəki Dövlət Dram Teatrı tərəfindən təşkil edilən Bəxtiyar Vahabzadənin fotolarından və kitablarından ibarət sərgi ilə də tanış olublar.



























