Xəbər verdiyimiz kimi, Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə və BMM-in solisti Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyət Festivalında iştirak edirlər.

Sənətçlilərimiz festival çərçivəsində noyabrın 29-da "Mega Misic Concert" adlı proqramda çıxış ediblər. Onların ifasında “Heyratı” zərb muğamı və kompozisiyası, “Bayatı-Şiraz” üzərində muğamlar və rəqslərdən ibarət kompozisiya, həmçinin Pakistan milli musiqisi təqdim olunub.

BMM-nin mətbuat katibi Lalə Azərinin bildirdiyinə görə, 30 oktyabr – 7 dekabr tarixlərində keçirilən festivalda dünyanın 140-dan çox ölkəsi təmsil olunur. Festivalın qala-konsertində məşhur sənətçilər iştirak ediblər.

“Sahib Paşazadə və Kamran Kərimovun ifaları, Azərbaycan muğamı, musiqi alətlərimiz böyük rəğbətlə qarşılanıb. Proqramda həmçinin Pakistanın tanınmış ifaçıları Faris Şəfi, Miişa Şəfi, Gizri, Darabu çıxış ediblər”, – deyə L.Azəri əlavə edib.