Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi giriş sözündə Seyid Əzim Şirvaninin ədəbi irsi, maarifçi fəaliyyəti və XIX əsr Azərbaycan poeziyasında oynadığı mühüm roldan söz açıb.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətini təbliğ etməyin böyük məsuliyyət olduğunu bildirib. Vurğulayıb ki, milli mədəniyyətə sahib çıxmaq, onu dünya ictimaiyyətinə doğru şəkildə təqdim etmək hər birimizin borcudur. Seyid Əzim Şirvaninin zəngin irsi də milli mədəniyyət və ədəbiyyatımızın mühüm səhifələrindən birini təşkil edir.

Şairin kötücəsi Milli Məclisin deputatı Şahin Seyidzadə qeyd edib ki, Seyid Əzim Şirvani Şamaxıda məktəb açıb, müəyyən məhdudiyyətlərə baxmayaraq həm Azərbaycan, həm də rus dillərində tədrisin təşkilinə nail olub. Seyid Əzimin şeirlərinin muğamlarda ifa olunması onların daha geniş kütlələr tərəfindən sevilməsinə səbəb olub.

Digər çıxışçılar da Seyid Əzim Şirvaninin zəngin irsindən bəhs ediblər.

Tədbirin bədii hissəsində instrumental heyətin müşayiəti ilə Əməkdar incəsənət xadimi Aqil Məlikov, xanəndələr Zeynal Əhmədov, Rais Niftəliyev və Elbrus Niftəliyev, həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistləri Nisbət Sədrayeva, Nişanə Baxışova və Rəvan Qaçayev Seyid Əzimin qəzəlləri üstündə muğam parçaları səsləndiriblər.

Qiraət ustaları Hüseynağa Aslanov, Elşən Qədri və Gülbala Dadaş şairin şeirlərindən parçalar təqdim edərək gecənin ədəbi ovqatını zənginləşdiriblər.