Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus noyabrın 26-da Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyinin qonağı olub.

Muzeyin böyük elmi-işçisi Səbinə Qurbanova tərəfindən qonaqlara muzey haqqında ingilis dilində ətraflı məlumat verilib. Qeyd olunub ki, Rostropoviçlər nəslində Litva xalqının nümayəndələri olub və onlar ilk olaraq Litva ərazisində yaşayıblar.

Qonaqlar muzeyin zəngin ekspozisiyası, Rostropoviçlər ailəsinin şəxsi əşyaları, nadir eksponatlar ilə tanış olublar. Dahi violençel ifaçısı, dirijor M.Rostropoviçin həyat və yaradıcılığı, onun musiqi dünyasındakı əvəzsiz xidmətləri və dünya mədəniyyətinə töhfələri barədə geniş məlumat verilib.

Səfir muzeyin fondunda qorunan, M.Rostropoviç və Litva Respublikasına aid diplom, buklet, proqram, dəvətnamə, CD disklərdən təşkil olunmuş sərgi ilə də maraqla tanış olub. 2009-cu ildə muzeydə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Litvanın Azərbaycandakı Səfirliyi ilə birgə bu ölkəyə həsr olunmuş tədbir haqqında məlumat verilib.

Diqqətə çatdırılıb ki, M.Rostropoviçin 1991-ci ilin 13 yanvarında Vilnüsdəki faciəli hadisələrdən dərhal sonra Litva xalqının azadlıq uğrunda mübarizəsində onların yanında olduğunu bəyan edib. O da qeyd olunub ki, M.Rostropoviç Litva xalqının azadlıq mübarizəsini dünya ictimaiyyətinə çatdırmaq üçün Madriddə mətbuat konfransı keçirərək, “13 yanvar” hadisələrində həlak olan günahsız vətəndaşların fotolarını nümayiş etdirib, hadisə qurbanlarının ailələrinə dəstək olmaq üçün ianələr edib. Dahi musiqiçi bu xidmətlərinə görə Litva Respublikasının “13 Yanvar” medalı ilə təltif olunub.  Maestronun Litva Kamera Orkestri ilə verdiyi konsertlərini İ.S.Baxın 5-ci suitası ilə başa vurması da Vilnüs hadisələri zamanı həlak mülki insanlara ithaf olunan jesti idi.

M.Rostropoviçin Litva ilə bağlılığı tək musiqi ilə bitməyib, 2003-cü ildə o, ölkədəki istedadlı uşaqlara dəstək məqsədilə “Litvalı uşaqlara kömək” adlı xeyriyyə fondu yaradıb.

Səfir K.Vaşkeleviçus muzey əməkdaşlarına ətraflı məlumata, göstərdikləri diqqətə və dahi musiqiçinin əziz xatirəsini yaşatdıqlarına görə dərin təşəkkürünü bildirib.

Diplomat muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Söhbət əsnasında muzeylə səfirlik arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb, birgə layihələr təşkil etmək barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Litva səfirinin muzeyə ziyarəti iki ölkə arasında mədəni əlaqələrin dərinliyini göstərir və bu, Rostropoviçlər irsinə olan hörmətin əyani ifadəsidir.

Sonda Litva səfirinə muzey adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş “Dahi bakılı” kitabı hədiyyə olaraq təqdim olunub, xatirə şəkilləri çəkdirilib.