Yeni növrağını yaşayan Kəlbəcər şəhərində, sözün əsl mənasında, bayram ab-havası var. Füsunkar dağlarla əhatə olunan bu ulu yurdumuz paytaxtdan və bölgələrdən gəlmiş qonaqlara qucaq açıb.
Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.
Bayram tədbirlərinə tamaşa nümayişi ilə başlanılıb. Gəncə Dövlət Milli Dram Teatrının kollektivi Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri ilə kəlbəcərli uşaqları sevindirib.
Musiqili nağıl-tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor assistenti Dursun Cəlilova, musiqi tərtibatçısı Ziyad Abbasovdur. Rolları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Hüseynova və başqaları canlandırıblar.
Abdulla Şaiqin maarifçi ideyalarının şən musiqi və rəqslərlə ahəngdar şəkildə təqdim olunduğu səhnə əsəri tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.
***
Teatrın baş rejissoru Elşad Əhmədov bildirib ki, bu, kollektivin işğaldan azad olunmuş ərazilərdə ilk çıxışıdır: “Bu gün bizim üçün çox qürurvericidir. Yəqin ki, bundan sonra işğaldan azad olunmuş əzəli və əbədi yurd yerlərimizdə çıxışlarımız davam edəcək. Teatrımız bu səfərə ciddi hazırlaşıb və inanıram ki, çıxışımız kəlbəcərlilərin yaddaşında uzun illər qalacaq”.
O qeyd edib ki, görkəmli maarifpərvər ədib Abdulla Şaiq Azərbaycan uşaqlar üçün yazdığı rəngarəng əsərlərin müəllifidir. Onun ilk əsərlərindən biri - uşaqların estetik tərbiyəsində mühüm rol oynayan və Azərbaycan teatrları gündəliyinə daxil edilən, tamaşaçılar tərəfindən sevilən “Tıq-Tıq xanım” əsəridir: “Elə buna görə də bu əsər Azərbaycan teatr səhnəsində uzun illərdir oynanılır və hər rejissor onu öz yozumunda səhnəyə gətirir”.
Gəncə Dövlət Milli Dram Teatrında yeni yozumda, quruluşda hazırlanmış "Tıq-Tıq xanım" tamaşası dostluqdan, xeyirxahlıqdan bəhs etməklə yanaşı, həm də düzgünlüyü tərənnüm edir. Tamaşada uşaqların marağına səbəb olan şən mahnılar və maraqlı rəqslər də var.






















