Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərini bir araya gətirən Rektorlar Şurasının ilk iclası keçirilib. 

Bu barədə akademiya məlumat yayıb.

Bildirilib ki, tədbir Azərbaycan Rəssamlıq Akademiyasının 25 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində baş tutub.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı, professor Natiq Əliyev ali tədris ocağının tarixi, milli təsviri sənət məktəbinin ənənələri və üç dildə aparılan tədris sistemi haqqında ətraflı söz açıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli sərəncamı ilə bu akademiyanın yaradılması ölkəmizdə təsviri incəsənət təhsilinin inkişafında mühüm mərhələ olub.

Natiq Əliyev qeyd edib ki, dövlət tərəfindən rəssamların yaradıcı fəaliyyətinə xüsusi şərait yaradılıb, bir çox tanınmış sənətkarlara emalatxanalar hədiyyə olunub.

Türkiyənin Mimar Sinan İncəsənət Universitetinin ənənəvi türk incəsənəti üzrə mütəxəssisi Mehmet İşcan ənənəvi türk sənətlərinin tədrisi və müasir tətbiq sahələri haqqında məlumat verib.

Özbəkistan Rəssamlıq Akademiyasının sədr müavini Feruza Abıdjanova ali təhsil ocağının fəaliyyəti və əməkdaşlıq imkanları barədə danışıb.

Qırğız Respublikasının Turqunbay Sadıkov adına Milli İncəsənət Akademiyasının rektoru professor Usukeev Aidarbek tədris ənənələri və sənət təhsilinin regional əhəmiyyətini qeyd edib.

Macarıstan Rəssamlıq Universitetinin rektoru professor İstvan Eros Avropa incəsənət təhsilində mövcud tendensiyalar və universitetin beynəlxalq əlaqələri barədə məlumat verib.

Temirbek Yorqenov adına Qazax Milli İncəsənət Akademiyasının rektoru Arman Zhudebayev akademiyanın tədris istiqamətləri və beynəlxalq layihələri barədə danışıb.

Şimali Kipr Türk Respublikasının Arkin Yaradıcı İncəsənət və Dizayn Universitetinin rektoru professor Asım Vehbi universitetdə tətbiq olunan Amerika təhsil modelinin xüsusiyyətləri haqqında çıxış edib.

Tədbirin sonunda Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov Rektorlar Şurasının yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıq planları barədə məlumat verib, sənət təhsili sahəsində institusional tərəfdaşlığın vacibliyini vurğulayıb.

İclasın qərarı ilə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr və Macarıstanın incəsənət və rəssamlıq üzrə ali təhsil müəssisələrinin rəhbərlərini bir araya gətirən Rektorlar Şurası yaradılıb. Şuraya ilk olaraq 2 il müddətinə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı, professor Natiq Əliyev sədrlik edəcək.

Rektorlar Şurasının koordinatoru Azərbaycan Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Xalq rəssamı, professor Səlhab Məmmədovdur.

Tədbir çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr və Macarıstan ali təhsil müəssisələri ilə Azərbaycan Rəssamlıq Akademiyası arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb. 

Memorandum müvafiq universitetlərin tədris və elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, birgə tədqiqat layihələri hazırlamaq və mümkün olduqda fakültə, tələbə və işçi heyətinin qarşılıqlı mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır.