Naxçıvan Dövlət Uşaq Filarmoniyası (NDUF) noyabrın 17-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qonağı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının dəstəyi ilə dostluq konserti keçirilib.
Ölkədə yalnız Bakı və Naxçıvanda fəaliyyət göstərən uşaq filarmoniyalarının ilk dəfə təşkil olunan birgə konsertinin əsas məqsədi müəssisələr arasında qarşılıqlı yaradıcı əlaqə qurmaq, müştərək layihələrin inkişafına şərait yaratmaq və gənc istedadların potensialını daha geniş auditoriyaya təqdim etməkdir.
Konsertin açılışında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə səhnəyə çıxaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb və iki filarmoniya arasında yaradıcı əməkdaşlığın vacibliyini vurğulayıb.
NDUF-un direktoru Yaqut Quliyeva çıxışında tədbirin həm mədəni, həm də maarifləndirici dəyərinə toxunub, təşkilatçılara və ev sahibinə təşəkkürünü bildirib. O, 2010-cu ildə yaradılan NDUF-un fəaliyyətindən və yetirmələrindən söz açıb.
Konsertdə hər iki filarmoniyanın yaradıcı kollektivləri bir-birindən maraqlı və rəngarəng musiqi proqramları təqdim ediblər.
Proqramda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər rəqs ansamblı (bədii rəhbər: Məhəmməd Quliyev), vokal sinfi – solist Leyla Əlizadə (müəllim: Leyla Aslanova), eləcə də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu (baletmeyster: Nurdan Bağırova) və solistlər (Namiq Vəliyev, Məcid Hüseynov, Elxan Əkbərov, Məryəm Hüseynquliyeva, Yusif Əkbərov, Rəbiyyə Seyidova, Yağmur Orucova, Bilal Qulusoy) çıxış ediblər.
Tədbirin sonunda Yaqut Quliyeva yenidən səhnəyə çıxaraq hər iki qurumun kollektivinə, iştirakçılara və qonaqlara təşəkkür edib. O, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadəyə və direktor müavini Leyla Muradzadəyə xüsusi minnətdarlığını çatdırıb və xatirə hədiyyələri təqdim edib.
Səhnəyə dəvət olunan Naxçıvan MR Mədəniyyət Nazirliyinin sektor müdiri Məhərrəm Lətifov, xanəndələr – Əməkdar artist Nuriyyə Hüseynova və Sərxan Bünyadzadə ürək sözlərini bölüşüblər. Konsert proqramı hər iki xanəndənin birlikdə “Yaşa, Azərbaycan” mahnısını səsləndirməsi ilə başa çatıb.


























