Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində görkəmli italyan bəstəkarı Qaetano Donissettinin (1797–1848) “Sevgi şərbəti” (L’elisir d’amore) operasını təqdim edib.

“Sevgi şərbəti” bəstəkarın italyan "opera-buffa" (məzəli opera) ənənələrində yazılmış ən yaxşı nümunələrdən biridir.

Donissetti məhsuldar bəstəkar olub. “Sevgi şərbəti” onun 70-dək operası arasında 40-cı əsərdir. 1832-ci il mayın 12-də Milanda, “Teatro alla Canobbiana” səhnəsində keçirilən premyeradan bəri bu opera dünya teatrlarının repertuarını tərk etmir və dünyanın ən çox səhnələşdirilən iyirmi operası sırasında yer alır.

Bakı tamaşaçılarına ilk dəfə 2013-cü ildə Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən təqdim edilən tamaşanın quruluşçu rejissoru Ukraynafan dəvət olunmuş rejissor Nikola Tretyak olub.

Noyabrın 14-də nümayiş olunan tamaşada əsas partiyanı – Nemorino obrazını Azərbaycanın Əməkdar artisti Fərid Əliyev ifa edib. O, düşüncəli, utancaq və həssas bir gəncin xarakterini dəqiq şəkildə canlandırıb. Aydan Quliyeva isə digər aparıcı partiyanı – Adina obrazını ifa edib və nazlanmağı sevən, əlçatmaz görünməyə çalışan, lakin daxilən sadə və vurğun bir qızın xarakterini tamaşaçılara uğurla çatdırıb.

Çavuş Belkore rolunda çıxış edən Əməkdar artist Anton Ferştandt qoçaq və cəngavər görkəmli bir əsgərin karikaturalı obrazını yaradıb. Şarlatan həkim Dulkamara obrazında isə Xalq artisti Əkrəm Poladov səhnəyə çıxıb, səs imitasiya və söz oyunu ustalığını böyük zövqlə oynayıb. Opera truppasının solisti Nina Makarova Adinanın rəfiqəsi Canetta rolunda qəhrəmanın “həyatda yaxşı mövqe tutmaq” fürsətini əldən verməyən xarakterini inandırıcı şəkildə canlandırıb.

Tamaşaya xüsusi rəng qatan məqam isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə çıxış edən xor kollektivinin peşəkarlığı olub.

Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin (dirijor Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə nümayiş etdirilib.

Tamaşanın quruluşu üzərində Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev çalışıb.