Son iki ildə kino sənayesi sahəsində ölkəmizdə 71 filmin istehsalına başlanılıb. Bunların 50-si artıq tamamlanıb və təhvil verilib. Onlardan 5-i tammetrajlı filmdir.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bunu noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, çəkilən filmlərdən 15-i Vətən müharibəsinə, Qarabağa həsr edilib. Eyni zamanda, hazırda Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı filmin çəkilişi davam edir.

Fərid Cəfərov diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi tərəfindən tarixi filmlərimizin çəkilməsi əsas istiqamətlərdən biridir.  Tarixi filmlərin çəkilməsi ilə bağlı kinostudiyada xüsusi pavilyonların yaradılması nəzərdə tutulur: "Eyni zamanda, Türkiyənin təcrübəsinin araşdırılması üçün bir neçə gün əvvəl Azərbaycan Kino Agentliyinin rəhbərliyi tərəfindən Türkiyədəki tarixi filmlərin çəkildiyi pavilyonlar ziyarət olunub”, - deyə o əlavə edib.

Qeyd olunub ki, kino sənayesinə ayrılan vəsait həm də filmlərimizin beynəlxalq festivallarda təmsil və təqdim olunmasına sərf edilir. Son 2 ildə 30-a yaxın filmimiz beynəlxalq kino festivallarında iştirak edib. 

Nazir müavini bildirib ki, animasiya kinosunun inkişafı da diqqət mərkəzindədir. Nazirliyin nəzdindəki Kino Agentliyi tərəfindən 7 animasiya filminin çəkilişlərinə başlanılıb və onlardan biri artıq təhvil verilib.