Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə konsert proqramı təqdim edib.
Bakı Musiqi Akademiyasının Opera studiyasında keçirilən konsertdə teatrın simfonik orkestri (dirijor Əməkdar artist Əyyub Quliyev), xoru (xormeyster Əməkdar artist Sevil Hacıyeva) və solistlər çıxış ediblər.
Konsertin solistləri Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev və Təyyar Bayramov, vokalçılar Mahir Tağızadə, Atəş Qarayev, Səma Həmzəyeva və Hidayət Əliyev olub.
Proqramda Cavanşir Quliyevin “Əsgər marşı”, “Azərbaycan” və “Turan” marşları, Müslüm Maqomayevin “Azərbaycan" ("Çinarlı yurdum”), Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Niyazinin "Vətən haqqında mahnı", “Ay Laçın” xalq mahnısı, habelə Könül Hüseynova, Elza İbrahimova, Tamilla Əhədova, Bikə Axundovanın əsərləri, Rüfət Axundzadənin “Qələbə marşı” yer alıb.
Azərbaycan xalqının rəşadətinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin rəmzi kimi ölkə tarixində əbədi həkk olunmuş əlamətdar bir tarixə təsadüf edən sənət axşamı Qələbə ruhunu, milli qüruru və klassik musiqinin əzəmətini ifadə edib və tamaşaçılar tərəfindən rəğbətlə maraqla qarşılanıb.
























