Noyabrın 5-də Naxçıvan Muxtar Respublikasında 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki Zəfər abidəsini ziyarət ediblər.
Sonra ali təhsil ocağında İncəsənət fakültəsi tələbələrinin Zəfər Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxış olub.
Konfransda Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan MR Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Azərbaycan Milli Məclisi Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxış ediblər.
Çıxışlarda Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda milli birliyin güclənməsindən söz açılıb, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyinin həlledici amil olduğu vurğulanıb. Zəfər Gününün tarixi-siyasi önəmindən, regiona gətirdiyi yeni perspektivlərdən bəhs olunub.
Rektor Elbrus İsayev çıxışında vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun döyüş meydanında qazandığı Qələbə tarixi ədaləti bərpa edib, Azərbaycanı regional güc mərkəzinə çevirib. “Konfrans 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin hərbi-siyasi, diplomatik, iqtisadi və mədəni aspektlərini elmi müstəvidə araşdırmaq, Zəfərin yaratdığı yeni reallıqları və regionda sülhün bərqərar olunmasında rolunu müzakirə etmək məqsəd ilə təşkil olunub”, - deyə o əlavə edib.
Çıxışlardan sonra universitetin simfonik orkestrinin ifasında konsert proqramı təqdim olunub.
Konfrans işini “Zəfər tarixi və hərbi siyasi irs”, “Tarixi Zəfərdən sonra: iqtisadiyyat və yenidənqurma”, “Tarixi Zəfərimiz mediada”, “Müharibə və sülh proseslərində beynəlxalq hüququn tətbiqi” mövzularında panel müzakirələrlə davam etdirib.

























