Azərbaycan Milli Xalça Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi hər iki muzeyin direktorları Əminə Məlikova və David Lordkipanidze imzalayıblar.
Memorandum imzalanması noyabrın 5-də Bolnisi Muzeyində (Gürcüstan) Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun sərgisi çərçivəsində baş tutub. “Zamanın ilmələri” adlı sərgi Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə açılıb.
Əminə Məlikova jurnalistlərə açıqlamasında bildirib ki, memorandum çərçivəsində iki ölkənin muzeyləri gələcəkdə sərgilərin təşkili, ustad dərsləri, xalçaçılıq və tekstil sahəsində konservasiya və restavrasiyada təcrübə mübadiləsi layihələrini həyata keçirməyi planlaşdırır.
Azərbaycan tərəfi ümid edir ki, yaxın gələcəkdə Gürcüstanın müxtəlif muzeylərində xalçaçılıq və tekstil mədəniyyətini əks etdirən sərgilər, interaktiv tədbirlər və təlim proqramları təqdim olunacaq.
Muzeylərarası əməkdaşlıq həm Azərbaycan, həm də Gürcüstan mədəni irsinin qorunması və geniş ictimaiyyətə təqdim olunması baxımından önəmli addım hesab olunur.





















