Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin 1-ci Forumunun açılış mərasimi keçirilib.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, eləcə də Azərbaycandan və bir sıra ölkələrdən tanınmış mədəniyyət xadimi soydaşlarımız və digər qonaqlar iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra “Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarx nümayiş etdirilib.

Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır.

Nazir deyib ki, forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun əsas hədəfidir.

“Biz istəyirik ki, hər bir mədəniyyət elçimiz Azərbaycanın zəngin irsini, dəyərlərini və bədii düşüncə tərzini yaşadığı ölkədə fəxrlə nümayiş etdirsin. Bu həm də mədəniyyət diplomatiyamızın güclənməsinə, ölkəmizin beynəlxalq imicinin daha da möhkəmlənməsinə töhfə verəcək”, - deyə Adil Kərimli əlavə edib.

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, ötən il ərzində dünyanın müxtəlif ölkələrində soydaşlarımız tərəfindən 800-dən çox mədəni tədbir, layihə və təşəbbüslər həyata keçirilib.

Komitə sədri qeyd edib ki, Azərbaycanın yumşaq gücü – mədəniyyət diplomatiyası bu gün yeni mərhələyə qədəm qoyur: "İndi torpaqlarımız işğaldan azad olunduqdan sonra mədəni diplomatiyamızda tamamilə yeni yanaşmalar formalaşır. Biz istəyirik ki, xaricdə mədəniyyət sahəsində həyata keçirilən layihələrin sayı daha da artsın, fəaliyyətlər daha geniş və məqsədyönlü şəkildə davam etdirilsin”.

O vurğulayıb ki, Mədəniyyət Nazirliyi başda olmaqla bütün dövlət qurumları bu prosesə həssaslıqla yanaşır və hər bir təşəbbüsə dəstək göstərir: “Biz böyük layihələri birgə – nazirliklərin və aidiyyəti qurumların iştirakı ilə həyata keçiririk. Çünki onlar bu sahənin içindədirlər və öz konsepsiyalarına uyğun olaraq layihələrin reallaşmasına mühüm töhfələr və təkliflər verirlər”.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov deyib ki, forum mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği, diasporumuzun gücləndirilməsi və xaricdə yaşayan soydaşlarımızın birliyi üçün böyük əhəmiyyət daşıyır. Forum çərçivəsində irəli sürüləcək yeni ideyalar və təşəbbüslər Azərbaycanın dünyada daha geniş formada tanınmasına və mədəniyyətimizin möhkəmlənməsinə xidmət edəcək.

"Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu göstərir ki, Azərbaycanın gücü yalnız iqtisadi və ya siyasi göstəricilərdə deyil, həm də mədəniyyət və mənəvi dəyərlərdədir. Burada gördüyümüz sərgilər, konsertlər, müzakirələr – bunlar hamısı bizim birliyimizin, milli ideyamızın təzahürüdür. Əslində bu forumun nüvəsində Azərbaycan ideyası – Azərbaycanın birliyi və gücü dayanır. Son illər xaricdə yaşayan müxtəlif peşə sahiblərimizin – alimlərin, həkimlərin, mühəndislərin forumları keçirilib. İndi isə mədəniyyət xadimləri, yaradıcı insanlar bir araya gəlib. Bu tədbirlərin hər birinin məqsədi birdir – Azərbaycanın daha güclü, daha təşkilatlanmış, daha nüfuzlu olması", - deyə R.Hüseynov diqqətə çatdırıb.

Sonra "Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarx nümayiş olunub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında forumun ölkəmiz ilə xaricdə yaşayan soydaşlarımız arasında mədəni əlaqələrin gücləndirilməsi üçün vacib platforma olduğunu deyib: "Forum Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və gənc nəslin bu irsi mənimsəməsi üçün əhəmiyyət kəsb edir”.

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu bildirib ki, Azərbaycan mədəniyyətinin zənginliyini, tarixi irsini və bədii dəyərlərini dünyaya çatdırmaq çox önəmlidir. Onun sözlərinə görə, bu forum mədəniyyət elçilərinə öz fəaliyyətlərini daha geniş şəkildə nümayiş etdirmək, ideyalarını paylaşmaq və yeni layihələr həyata keçirmək imkanı verir.

Azərbaycan Mədəniyyət Elçiləri Forumu təşkilat komitəsinin sədri Xalq artisti Cahangir Novruzov çıxışında qeyd edib ki, bu yalnız mədəniyyətimizin tanıdılması üçün bir platforma deyil, həm də xaricdə yaşayan mədəniyyət xadimlərinin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və gələcək layihələr üçün yeni ideyaların yaranması üçün əvəzsiz bir fürsətdir.

Daha sonra Azərbaycan mədəniyyətinin inkişafına beynəlxalq aləmdə təbliğinə töhfə verən incəsənət nümayəndələri təltif edilib və birgə xatirə fotosu çəkdirilib.

***

Noyabrın 5-dək davam edəcək forum çərçivəsində "Mədəniyyət elçiləri" rəqəmsal portalı və "Milli dilli" layihəsinin təqdimatı keçiriləcək.

Tədbir çərçisində üç panel müzakirənin təşkili, eləcə də xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin hesabat iclaslarının təşkili nəzərdə tutulur.

Bu günlərdə Antalyada keçirilən Türkiyə Mədəniyyət Yolu Festivalında Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı da planlaşdırılır.