Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu" (Fly to Baku. Art Weekend) festivalının rəsmi açılışı olub. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gələn festival üç gün davam edəcək.
Rəsmi açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və digər rəsmillər iştirak ediblər.
Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olunur.
Heydər Əliyev Mərkəzindəki açılış tədbirində “Mənim dənizlərim, mənim okeanlarım” (“My Seas, My Oceans”) sərgisinin və məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” (“The Triumph of Form”) sərgisinin təqdimatı keçirilib.
Əvvəlcə qonaqlar “DanceAbility Azərbaycan” inklüziv performans qrupu tərəfindən hazırlanan kompozisiyanı izləyiblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov açılış nitqində bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə Bakıda keçirilən “Art Weekend" festivalı çərçivəsində 40-a yaxın incəsənət tədbiri nəzərdə tutulur: “Çox sevindirici haldır ki, incəsənətsevərlər bu gün burada bir araya gəliblər. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqları salamlayıram. Fürsətdən istifadə edərək, Bakı sakinlərini, qonaqlarımızı bu gözəl tədbirləri izləməyə dəvət edirik. Hazırda Heydər Əliyev Mərkəzində ənənəvi sərgilər, konsertlər və konfranslar keçirilir. Bu gün isə məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərləri burada nümayiş etdirilir”.
“Bədii formanın təntənəsi” sərgisinin kuratoru, Fernando Boteronun qızı Lina Botero atasının yaradıcılığının mahiyyətinin, rəssamlıq və heykəltaraşlığın paralel inkişafı ilə bağlı olduğunu deyib: “Atam bir tərəfdən rəngkarlıqla məşğul olur, digər tərəfdən barmaqlarının gücü ilə formalar yaradaraq heykəllər ərsəyə gətirirdi. Bu gün onun monumental heykəlləri dünyanın bir çox böyük şəhərində sərgilənir. Əsərləri ən məşhur məkanlarda – Parisdəki “Champs-Élysées” prospektində, Nyu-Yorkdakı “Park Avenue”da nümayiş etdirilib. Ötən il, 2024-cü ildə isə Roma şəhərinin tarixi mərkəzində onun növbəti heykəltaraşlıq sərgisi açılıb”.
Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Azərbaycan rəssamlarının hər zaman Latın Amerikası sənətinə böyük marağı olub: “Həm onun təsviri sənətinə, həm ədəbiyyatına, həm də musiqisinə dərin maraq göstərilib. Bir çox rəssamımız Latın Amerikası sənətkarlarının yaradıcılığından ilham alıblar”.
Sonra “Bədii formanın təntənəsi” sərgisinin rəmzi açılış lenti kəsilib və mərasim iştirakçıları ekspozisiya ilə tanış olublar.
Kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə təqdim etməklə “Boterismo” üslubunu yaratmış Fernando Boteronun Heydər Əliyev Mərkəzində nümayiş olunan “Bədii formanın təntənəsi” adlı fərdi sərgisində rəssamın 100-dən çox məşhur əsəri təqdim edilir.
Sərgidəki əsərlər rəssamın 70 il ərzində yaratdığı sənət nümunələridir. Müəllifin işləri parlaqlığı, həyat doluluğu ilə seçilir. Ümumilikdə Botero 3000-dən çox rəsm əsəri, 200-dən çox heykəltaraşlıq nümunəsi yaradıb.
30-dan çox ölkədə 100-dək muzey sərgisi keçirilən rəssam 20 yaşında Kolumbiyanı tərk etsə də, vətəni hər zaman onun ilham mənbəyi olub. Özünü “kolumbiyalıların ən kolumbiyalısı” adlandıran Boteronun əsərlərindəki mərkəzi mövzu uşaqlıq xatirələridir: Latın Amerikası həyatı, natürmortlar, korrida. Bununla da o, İtaliya intibahının universal ruhunu Latın Amerikasının həyat enerjisi ilə birləşdirib.
Heydər Əliyev Mərkəzində təqdim olunan “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin əsas mövzusu isə “Art Weekend” layihəsi ilə birbaşa əlaqəlidir. Festivalın əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su seçilib. “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin əsas məqsədi də su ehtiyatlarının qorunmasına çağırışdır. Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır. 2022-ci ildə Cenevrədəki debütü ilə su ekosisteminin mühafizəsinə dair qlobal dialoqun əsasını qoyan sərgi Bakıda ilk dəfədir təşkil edilir.
Sərgidə müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərlər təqdim olunur. Həmin əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir edilir. Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək bədii işlər vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.
Yer kürəsinin 70 faizindən çoxunu təşkil edən su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirə məruz qalır. Sərgi isə incəsənət vasitəsilə həmin təsirlərin azaldılması və qarşısının alınması, ümumiyyətlə qlobal məsələlərə diqqətin artırılması ismarışını dünyaya ötürür.
İtalyan heykəltaraş Cüzeppe Karta jurnalistlərə açıqlamasında “Art Weekend”in beynəlxalq səviyyəli tədbir olduğunu və layihənin şəhərin müxtəlif məkanlarında keçirildiyini bildirib. O qeyd edib ki, bu gün XX əsrin ən görkəmli heykəltaraşlarından olan Fernando Boteronun sərgisi açılır: “Düşünürəm ki, bir çox insan hələ onun yaradıcılığı ilə tanış deyil və bu sərgi onlar üçün maraqlı bir kəşf olacaq”.
İncəsənət müşaviri və kurator Viola Raikhel Azərbaycanda olduğu üçün böyük qürur hissi keçirdiyini bildirib: “Çox maraqlı bir həftəsonu yaşayırıq. Burada, Heydər Əliyev Mərkəzində bu qədər qeyri-adi sənət nümunələrini görmək məni tamamilə heyrətləndirir”.
Nyu-Yorkdan gələn naşir Sem Moris Azərbaycana ilk səfəri olduğunu bildirib. O qeyd edib ki, Bakının möhtəşəm memarlığı, ləziz təamları və zəngin mədəniyyəti var. “Zənnimcə, incəsənətdən dünyaya vacib mesajların yayılması üçün bir platforma kimi istifadə zəruridir. Təkrar emal, aşağı karbon izinə sahib olmaq və okean həyatına hörmətlə yanaşmaq okeanları təmiz saxlamaq səylərinə böyük töhfə verə bilər”, - deyə Sem Moris diqqətə çatdırıb.
İncəsənət tarixçisi və kuratoru Zelfira Tequlova bildirib ki, XX əsrin ən görkəmli rəssamlarından olan Fernando Boteronun sərgisinin açılışı Bakıda “Art Weekend”ə təsadüf edir. “Onun sənəti hər kəsə xitab edir, çünki böyük pozitiv enerji daşıyır, həm milli Kolumbiya ənənələrinə, həm də Meksikanın muralist məktəbinə bağlıdır. Eyni zamanda, Avropa klassik incəsənətinin dərin biliklərini özündə əks etdirir. Botero bütün bu təsirləri bənzərsiz şəkildə birləşdirir. Belə bir sənət hadisəsini Bakıda yaşamaq böyük sevincdir”, - deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, paytaxtımızda ilk dəfə təşkil olunan “ART Weekend” festivalı noyabrın 2-də başa çatacaq.



























