1 noyabr Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü”dür. Aqrar sahə işçilərinin peşə bayramı günü Prezident İlham Əliyevin sərəncamı (9 oktyabr 2008-ci il) ilə təsis edilib.
Tarixdəki olaylar
1 noyabr 1884 – Beynəlxalq miqyasda coğrafi uzunluq və saat zolağının başlanğıc nöqtəsi kimi Qrinviç meridianı (sıfır meridianı) qəbul edilib. Qrinviç meridianı Londondakı Qrinviç rəsədxanasının yerləşdiyi yerdən hesablanır.
1 noyabr 1922 – Türkiyə Böyük Millət Məclisi (TBMM) Osmanlı səltənətinin sona çatması barədə qərar qəbul edib. Qərarda TBMM-in ölkə ərazisində həqiqi hakimiyyət olduğu vurğulanırdı. Axırıncı Osmanlı Sultanı VI Mehmed (Vahideddin) noyabrın 10-da İstanbulda son cümə namazına qatılıb və noyabrın 17-də ingilis hərbi gəmisi ilə Maltaya göndərilib.
1 noyabr 1939 – Azərbaycan SSR Xalq Komissarları Soveti Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla bağlı dahi şairin həyat və yaradıcılığından bəhs edən muzeyin (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) yaradılması barədə qərar qəbul edib.
1 noyabr 1954 – Əlcəzairdə Fransa müstəmləkəçiliyi əleyhinə inqilab başlanıb. Milli-azadlıq mübarizəsi 8 il sürdü və 1962-ci ildə Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. 1 noyabr ölkədə milli bayram – İnqilab Günü kimi qeyd olunur. Əlcəzair XVI əsrin əvvəlindən Osmanlı imperiyasının tərkibində olmuş, 1830-cu ildən isə Fransanın müstəmləkəsinə çevrilmişdi.
1 noyabr 1999 – Ankarada Prezident Heydər Əliyevə Atatürk Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycan rəhbəri Türkiyə Cümhuriyyətinin yüksək mükafatına iki ölkə arasında dostluq əlaqələrinin inkişafı, Cənubi Qafqazda sülh və sabitlik naminə göstərdiyi xidmətlərə görə layiq görülmüşdü.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
1 noyabr 1636 – Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux; 1636 – 13.3.1711) anadan olub.
1 noyabr 1781 – Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler; 1781 – 9.4.1854) anadan olub.
1 noyabr 1923 – Qəzəlxan şair Əliağa Bakir (Əliağa Hacağa oğlu Rzayev; 1923 – 22.5.1998) Bakıda anadan olub.
1 noyabr 1945 – Kinorejissor, ssenarist Nicat Feyzullayev (1945–2015) Bakıda tanınmış rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. “Küçələrə su səpmişəm” bədii filminin, çoxsaylı sənədli filmlərin müəllifidir.
1 noyabr 1965 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 12.4.1889 – 1965) vəfat edib. 1930–60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
1 noyabr 2005 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (15.2.1933 – 2005) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Filmlərdə, televiziya tamaşalarında çəkilib.
1 noyabr 2022 – Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Leyla Həzrət qızı Səfərova (15.10.1945 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan























